“Bu mübarizədən heç vaxt imtina etməyəcəyəm” - Kamala Harris
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində məğlubiyyətindən sonra ilk çıxışında mübarizəni davam etdirəcəyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Harvard Universitetinin önündə toplaşan tərəfdarlarına müraciət edən Kamala Harris etiraf edib ki, prezident seçkilərinin nəticəsi onların istədiyi və uğrunda mübarizə apardıqları kimi olmayıb.
“Biz bu seçkinin nəticələrini qəbul etməliyik. Bu gün səhər erkən mən seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Mən də ona hakimiyyətin keçidində kömək edəcəyimizi və bunu sülh yolu ilə edəcəyimizi söylədim”, - deyə sabiq prezidentliyə namizəd vurğulayıb.
O, qeyd edib ki, vətəndaşlar konkret partiyaya və ya siyasətçiyə deyil, Konstitusiyaya sadiq olmalıdırlar.
“Bu seçkidə məğlub olduğumu etiraf etsəm də, bu kampaniyanı bəsləyən mübarizədən əl çəkmirəm. Bütün insanların azadlıq, ədalət, imkan və ləyaqəti, ölkəmizin əsasının idealları uğrunda mübarizə Amerikanın ən yaxşısını əks etdirir. Bu mübarizədən heç vaxt imtina etməyəcəyəm”, - deyə vitse-prezident vəd edib.
O, tərəfdarlarını təkcə seçkilər zamanı deyil, həm də öz hərəkətləri ilə bu mübarizəni aparmağa çağırıb.
“Bəzən mübarizə vaxt alır, bu, heç vaxt təslim olmayacağımız anlamına gəlmir”, - deyə vitse-prezident diqqətə çatdırıb.
Xatirə SADİQ