O heykəl niyə lütdür? - Hamını maraqlandıran sualın cavabı

Heykəltaraşlar lüt heykəl yaratmağı sevirlər 

Nov 7, 2024 - 11:00
O heykəl niyə lütdür? - Hamını maraqlandıran sualın cavabı

Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin sərgisi təqdim olunur.

“Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədi ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltməkdir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Lüt qadın heykəli” ilə bağlı fikirlər birmənalı deyil.  

SAVASHMEDİA.az xəbər verir ki, “Force of Nature” heykəlləri rəssamın məşhur əsərləri seriyasındandır. Heykəllər ana təbiətin gücünü və dağıdıcı qüvvəsini təsvir etmək üçün hazırlanıb. Əsər insanla təbiət arasındakı güclü əlaqələri və bağları nümayiş etdirir. Həmçinin müasir cəmiyyətdə ana təbiətlə getdikcə çətinləşən əlaqəni yaratmaq üçün mümkün olan hər şeyi necə etmək lazım olduğunu xatırladır.

 Lorenso Kuinn bu əsərlərində fırtınaları, xüsusən də 2004-cü ildəki Hind okeanı sunamisini və 2005-ci ildəki Katrina qasırğasını xatırlayaraq, insanın təbiət qarşısında nə qədər aciz olduğunu göstərmək istəyib. 

Heykəllərdə ana təbiət qadın formasında təsvir olunur və o, sanki dünyanı əlində fırladır. "Force of Nature" insanları təbiətə daha hörmətlə yanaşmağa çağırır.

Güntay Hüseynli

Kuinnin bu heykəlləri dünyanın müxtəlif şəhərlərində, o cümlədən Londonda, Qətərdə və ABŞ-da sərgilənib. 

Heykəltaraş "Təbiətin gücü" adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası “The Force of Nature II” adlanır.

Heykəltaraş əsərləri ilə bağlı danışarkən “Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə bildirib.

Gənc heykəltəraş Güntay Hüseynli ilə ekskluziv müsahibə - HamamTimes

Azərbaycanlı heykəltaraş Güntay Hüseynli əsərlə bağlı fikrini bölüşərkən deyib ki, lüt heykəlin nümayiş olunmasında qeyri-adi heç nə yoxdur: “Heykəlin çılpaqlığını müzakirə etməyin özü mənasızdır. Heykəl çılpaq da ola bilər, geyimdə də. Bu, müzakirə mövzusu olmamalıdır. "Təbiətin gücü" əsərində hansısa vulqarlıq yoxdur. Həmin heykəldə seksual çağırış, erotika görmürəm. Sadəcə olaraq,  dünyanı əlində tutan çılpaq qadın fiqurudur. Çox da şişirdiləcək böyük bir şey deyil. Həmin heykəlin geyimli versiyası da var. Lakin onlar eyni deyil, ayrı-ayrı işlərdir. Bizim cəmiyyətdə özümüzə lazım olanda o çılpaqlığı görməzdən gələ bilirik, sərf etməyəndə isə şişirdirik.  Bu, müsəlman cəmiyyəti olmağımızla bağlı bir şey deyil. Dünya səviyyəsində tanınan bir heykəltaraşın əl işini müzakirəyə çıxarmaq düzgün deyil. “Miloslu Venera” heykəli də çılpaqdır. Gözəl qadın təsvir olunub və hansısa ikrah hissi oyatmır. Bütün heykəltaraşlar  üçün bu heykəl etalondur. Heykəldə çılpaqlığa irad bildirmək lazımdırsa, onda gərək  “Miloslu Venera”nı müzakirəyə çıxaraq. 

Mənim diplom işim çılpaq kişi fiquru olub. Akademiya səviyyəsində heç kim irad bildirmədi. Bütün heykəltaraşlar çılpaq heykəllərlə işləyirlər".   

Qeyd edək ki, “Oskar” mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi mesajları çatdırır. 

Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək. Sərgidə ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə mərkəzin foyesində tanış ola biləcək. 

Musavat.com