Polşa Ukraynanın Aİ üzvlüyünə yardım edəcək
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar üçün Polşa ilk klasterin, eləcə də mümkün olduğu təqdirdə daha bir neçə klasterin açılmasına töhfə verəcək.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tuskun yanvarın 15-də Varşavada imzaladığı birgə bəyanatda deyilir.
Məlum olduğu kimi, Zelenski və Tusk Polşanın Aİ Şurasına sədrliyinin əvvəlində Varşavada görüşüblər.
“Polşa Ukraynanın Aİ-yə birləşdirilməsi prosesinə yardım edəcək. Məqsəd – birinci klasterin, “Əsaslar”ın və mümkün qədər digər danışıq klasterlərinin də açılmasıdır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilib ki, Avropanın təhlükəsizliyi və müdafiəsinin ümumi maraq və məsuliyyət olduğu barədə Zelenski və Tusk razılığa gəliblər: “Avropada mövcud olan təhlükəsizlik defisiti ilk növbədə Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü ilə bağlıdır. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Avropada hərtərəfli, ədalətli və davamlı sülh və təhlükəsizliyi bərpa etmək üçün birlikdə çalışacağıq”.
Genişlənmə üzrə Avropa komissarı Marta Kos əmindir ki, 2025-ci ildə Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlarda birinci və otuz birinci klasterləri açmaq mümkün olacaq.
Xatirə SADİQ