ABŞ dövlət katibi Çinə müraciət etdi – “Pxenyanı cilovlayın…”
ABŞ Rusiyanın Kursk bölgəsində yerləşən Şimali Koreya qoşunlarının tezliklə Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girəcəyini gözləyir.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken cənubi koreyalı həmkarları ilə görüşdə deyib.
ABŞ dövlət katibi bildirib ki, Rusiya Şimali Koreya əsgərlərinə artilleriya, pilotsuz uçuş aparatları və əsas yer taktikalarını öyrədir ki, bu da onların cəbhədə bu qüvvələrdən istifadə etməklə bağlı tam niyyətini göstərir.
Amerikalı diplomat təkrarlayıb ki, Rusiyada 10 min Şimali Koreya əsgəri var, onlardan 8 minə qədəri artıq avqust ayında Ukrayna əsgərlərinin olduğu Kursk vilayətindədir.
Blinken əlavə edib ki, Moskvanın Şimali Koreya əsgərlərini Ukraynaya qarşı müharibədə “ətçəkən maşın” kimi istifadə etməsi Kremlin zəifliyinə açıq işarədir.
Dövlət katibi Çinə müraciət edərək Pxenyanı cilovlamaq üçün öz təsirindən istifadə etməyə çağırıb.
Bu arada Şimali Koreyanın qitələrarası ballistik raket buraxması ilə bağlı xəbər yayılıb. Şimali Koreyanın ərazi sularına düşməkdən əvvəl bu raket ilk dəfə 86 dəqiqə uçub.
Xatirə SADİQ