ABŞ G7 liderlərinin bəyanatını imzaladı
G7 liderlərinin birgə bəyanatında Yaxın Şərq böhranının həllinə çağırış yer alıb.
SAVASHMEDİA.az xəbər verir ki, bəyanatın mətni Kanadanın G7 sədrliyinin saytında dərc olunub.
“Biz Qəzzada atəşkəs daxil olmaqla, Yaxın Şərqdə gərginliyin daha geniş şəkildə azalmasına gətirib çıxarmaq üçün İran böhranının həllinə çağırırıq”, - bəyanatda deyilir.
G7 liderləri bəyanatda Yaxın Şərqdə sülh və sabitliyə sadiqliklərini bir daha təsdiqləyiblər: “Bu kontekstdə İsrailin özünümüdafiə hüququ olduğunu bir daha təsdiq edirik. Biz İsrailin təhlükəsizliyini dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz mülki əhalinin qorunmasının vacibliyini də təsdiqləyirik. İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Biz həmişə aydın şəkildə bildirmişik ki, İran heç vaxt nüvə silahına malik ola bilməz”.
CNN mənbələrə istinadən xəbər verib ki, bazar ertəsi səhər saatlarında rəsmilər ABŞ-nin Avropa liderlərinin konfransda hazırladığı bəyanat layihəsini imzalamayacağını bildirirdilər. Lakin sənədin mətnində böhranın diplomatik həlli və beynəlxalq hüquqa hörmət çağırışları da daxil olmaqla dəyişikliklər edildikdən sonra Tramp bəyanatı imzalayıb.
Bəyanat yalnız Trampın Vaşinqtona qayıtmaq üçün sammiti erkən tərk etməsindən sonra dərc edilib.
Bu bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibəsindən bəhs edilməyib.
Xatirə SADİQ