ABŞ G7 ölkələrinə təzyiq etməyə hazırlaşır

ABŞ Rusiya neftinin alışına görə Çin və Hindistana kəskin yüksək tariflər tətbiq etməsi üçün G7 ölkələrinə təzyiq etməyi planlaşdırır.

Sep 12, 2025 - 12:55
ABŞ G7 ölkələrinə təzyiq etməyə hazırlaşır

SAVASHMEDİA.az xəbər verir ki, bu “The Financial Times” (FT) məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ-nin bununla məqsədi Kremli Ukrayna məsələsində sülh masasına oturmağa məcbur etməkdir.

Bu gün G7 ölkələrinin maliyyə nazirləri ABŞ-nin təklifini videokonfrans vasitəsilə müzakirə edəcəklər. Bu təşəbbüs Tramp administrasiyasının Ukraynada sülh sazişinin əldə olunmasına yönəlmiş yeni tədbirlərinin bir hissəsidir.

Bu həftə ABŞ prezidenti Avropa İttifaqını (Aİ) Çin və Hindistana 100%-ə qədər tariflər tətbiq etməyə çağırıb və indi bu ideyanı G7 üzrə tərəfdaşları arasında genişləndirir.

“Çin və Hindistanın Rusiyadan neft alması Putinin hərb maşınını maliyyələşdirir və ukraynalıların mənasız şəkildə öldürülməsini davam etdirir”, - deyə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

O, qeyd edib ki, rüsumlar müharibənin bitdiyi gün ləğv olunacaq. Dəqiq rəqəmlər göstərilməsə də, mənbələr 50-100% səviyyəsi barədə xəbər veriblər.

Xatırladaq ki, ABŞ ötən ay Rusiya neftinin alışına görə Hindistan idxalına tarifləri 50%-ə qaldırıb. Tramp aprel ayında Çin mallarına rüsumları kəskin artırsa da, bazarın etirazından sonra may ayında onları azaltdı.

Aİ-də iki əsas ticarət tərəfdaşına belə yüksək tariflərin tətbiqinin potensial iqtisadi zərər və Çin tərəfindən cavab tədbirləri riski səbəbindən çətin olacağını anlayır. Eyni zamanda blok yaxın həftələrdə Hindistanla ticarət sazişi bağlamağa can atır.

Avropa məmurları əvəzində başqa təzyiq vasitələrini – Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyaların sərtləşdirməyi və Rusiya neft-qazının alınmasından tam imtina üçün son müddəti (əvvəllər 2027-ci ilə təyin edilmiş) sürətləndirməyi təklif edirlər. Onların sözlərinə görə, bunun üçün Tramp əvvəllər daha sərt sanksiyaların qarşısını alan Macarıstan və Slovakiyaya təzyiq göstərməlidir
 
Xatirə SADİQ