ABŞ hökuməti işini dayandırdı

Amerika Birləşmiş Ştatları hökuməti oktyabrın 1-dən öz işini dayandırmağa (şatdaun) məcbur olub. 

Oct 1, 2025 - 14:14
ABŞ hökuməti işini dayandırdı

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Partiyalararası dərin fikir ayrılıqları Konqreslə Ağ Evin maliyyələşdirmə məsələsində razılıq əldə etməsinə mane olub. 

ABŞ prezidenti Donald Tramp demokrat cinahda olan konqresmenlərə xəbərdarlıq edib ki, şatdaun daha çox iş və proqram ixtisarına səbəb ola bilər.

Hökumətin fəaliyyətinin dayandırılması Senatın qısamüddətli maliyyələşmə haqqında qanun layihəsini rədd etməsindən bir neçə saat sonra başlanıb. BU qanun layihəsinin qəbulu hökumətin noyabrın 21-nə qədər işini davam etdirməsinə yol açacaqdı. 

Demokratlar qanun layihəsini rədd ediblər. Çünki respublikaçılar milyonlarla amerikalı üçün sağlamlıq imtiyazlarının uzadılmasını daxil etməkdən imtina ediblər. Onun müddəti ilin sonunda başa çatacaq. Respublikaçılar bildiriblər ki, bu məsələyə ayrıca baxmaq lazımdır. 

Qeyd edək ki, bu, 1981-ci ildən bəri hökumətin sayca 15-ci şatdaunudur. O sentyabr üzrə iş yerləri haqqında gözlənilən hesabatın dərcini gecikdirəcək, aviadaşınmaları ləngidəcək, elmi tədqiqatları dayandıracaq, amerikalı hərbçiləri maaşdan məhrum edəcək və 750.000 federal işçini məcburi məzuniyyətə göndərəcək. 

Ekspertlər hesab edirlər ki, budəfəki şatdaun əvvəlkilərdən daha uzun davam edə bilər, çünki Tramp və Ağ Ev nümayəndələri demokratları hökumət proqramlarını və federal əmək haqqı fondunu kəsməklə cəzalandırmaqla hədələyirlər.

Xatirə SADİQ