ABŞ-nin səhiyyə nazirliyinə Robert Kennedi gətirilir
ABŞ-nin səhiyyə və sosial xidmətləri naziri vəzifəsinə Robert Kennedinin namizədliyi irəli sürülüb.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə yeni seçilmiş president Donald Tramp “Truth Social” platformasında məlumat yayıb.
“Bütün amerikalıların təhlükəsizliyi və sağlamlığı istənilən administrasiyanın ən yüksək prioritetidir. Səhiyyə və Sosial Xidmətləri Nazirliyi insanları ölkəmizdə çiddi sağlamlıq böhranına gətirib çıxaran zərərli kimyəvi maddələrdən, çirkləndiricilərdən, pestisidlərdən, əczaçılıq məhsullarından və pəhriz əlavələrindən insanları qorumaqda mühüm rol oynayacaq”, - deyə Tramp yazıb.
Senator Robert Kennedinin oğlu və prezident Con Kennedinin qardaşı oğlu olan Robert Kennedi Trampın keçid komandasında iştirak edir.
Son həftələrdə Kennedi öz prioritetlərinin piylənmə, şəkərli diabet və autizm kimi xroniki xəstəliklərin epidemiyası ilə mübarizə, eləcə də qida təchizatında kimyəvi maddələrin miqdarının azaldılması olduğunu vurğulayıb.
Robert Kennedi 2024-cü il president seçkiləri kampaniyasına müstəqil namizəd kimi daxil olsa da, avqust ayında Trampı dəstəklədiyini bəyan edərək yarışdan çıxmışdı.
Xatirə SADİQ