Qüsur ürək bulandırır - Keçid alıram, fala baxıram...
Dünya Xeyir və Şərdən, Yaxşı ilə Pisdən ibarətdir. Onların vəhdəti və mübarizəsi fasiləsizdir. Həqiqətin anatomiyasını isə belə anlayıram:
Yaxşını görməyənin gözü yoxdur, pisi görməyənin - ağlı.
Qüsura hər gün, özü də dəfələrlə rast gəlirik – televizora baxanda, küçəyə çıxanda, dükana gedəndə, qohum-qonşu ilə danışanda...
İndi isə mövzumuza "keçid alaq". Televiziya aparıcıları bu ifadəni çox işlədirlər. Özlərindən çıxarırlar, yoxsa həqiqətən haradansa alırlar?.. "Filan mövzuya keçək" - belə düzgün olar. Artıq söz demədən keçmək isə daha yaxşıdır.
"Ümumilikdə". Bu işlək sözü hansı keçiddə alıblar? Yəqin ki, yeraltı keçiddə. Çünki yerin üstündə həmişə "ümumiyyətlə", hətta "ümumən" söylənib.
İnzibati adlar aid olduğu ölkədəki kimi deyilməlidir. Çox halda belə edilir. Məsələn, biz "ştat", "departament", "əyalət" terminlərini işlədirik. Lakin Rusiya bölgələrinə gəldikdə, düz yoldan çıxırıq: "oblast" olur vilayət, "kray" - ölkə, diyar. "Rostov oblastı", "Krasnoyarsk krayı" demək yeganə düzgün variantdır. Amma kimdir sözümə baxan! Bir filmin qəhrəmanı demişkən, "Mənə heç kollim də qulaq asmır"...
"-Çı" (-çi, -çu, -çü) şəkilçisinin taleyi çox acınacaqlıdır. Bu şəkilçi peşəyə, məşğuliyyətə işarə edir: neft - neftçi, traktor - traktorçu. Düşünməyən həmvətənlərim onu məşğuliyyətə və peşəyə aid olmayan sözlərə də calaq edirlər. "Narahatçılıq". Sanki kim isə narahat olmaq və ya etmək işində çalışır. Söz var ki, müstəsna olaraq məşğuliyyəti göstərir. Müdrik xalqım onlara da çu-çü yapışdırır: tələbə – tələbəçilik, avara – avaraçılıq. Hərdən yoluma pəncərədəki qısa elan çıxır: "Xadiməçi tələb olunur". İki ildən çoxdur elan yerində, təklif qüvvədədir. Ağıllarına gəlmir ki, sadəcə "xadimə" yazsınlar. Bəlkə işçi tapıldı. Növbədə isə bizi savadsızlığın daha parlaq nümunələri gözləyir: sürücüçü, müdirçi, rəisçi, nazirçi, deputatçı və bu kimi.
İndi nəzərdən keçirəcəyimiz qüsur isə ayrı-ayrı bisavadların deyil, ədəbi dilimizin norma sayılan səhv anlayışıdır. Özün fikirləş: aşpaz aşpazlıq edir. Bəs niyə oğru öz işi ilə məşğul olmur, gedib oğruluq yox, oğurluq edir?! Düsün, fikirləş – mane olmuram.
Yaxşı tanıdığımız kartof məhsulunu ingiliscə "çip" adlandırırlar. Belə qida çox nazik və kiçik olduğundan, tək-tək satılmır və yeyilmir. Vətəni ABŞ-də həmin sözə cəm şəkilçisi (-s) də elavə edilir: "çips". Rusiyada bunu qanmır, üstəlik öz cəm şəkilçisini (-ı) qoşurlar: "çipsı". Azərbaycanlıya bu da azlıq edir. Və incə belli çip bir qədər də yoğunlaşır, ağırlaşır: çipsılar. Yəqin buna görə adamı kökəldir. Ye, nuş olsun!
Kimdir daltonik?
Hamı eyni zamanda? Ola bilməz! Bilməz? Bəs niyə kimdən soruşsan, deyəcək ki, Azərbaycanın dövlət bayrağı 3 rənglidir. Yox, 3 zolaqlıdır. Amma qırmızı zolağın (və bayrağın) tən ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Belə çıxır ki, onlar gözəgörünməzdir... Dükanda yuyucu tozu da belə satırlar: ağ və rəngli çamaşır üçün. Satıcıdan soruşuram: "Məgər ağ - rəng deyil? Evdə nəyisə boyamaq istəyəndə ağ rəngli boya almırsan?". Üzündən görünür ki, sual çətindir...
Hərdən mən də çətinə düşürəm. Smartfonumdan havanı "soruşdum". Ekranda yazıldı: "Hava haqqında daha dəqiq məlumat almaqdan ötrü "Hava" servisinə telefonunuzdakı informasiyalara çatıma icazə verin". Heç dəxli var?! Havanı telefonumun içində niyə axtarırsan, meteorologiya xidmətindən soruş. Əcəbdir! Belə çıxır ki, su kranını dəyişmək üçün çilingər çağırıram, o isə soyuducunun içinə baxmasını şərt kimi qarşımda qoyur...
Məqaləni oxuduğuna görə sənin paltar şkafına baxmayan
A.ƏZİZ