Kapitoliyə basqın edənlərin məhkəməsi təxirə salındı – “Tramp prezident seçilib”

ABŞ-nin iki rayon məhkəməsində Kapitoliyə 2021-ci il 6 yanvar tarixli basqında təqsirləndirilən şəxslərin məhkəmələri təxirə salınıb.

Nov 15, 2024 - 12:05
Kapitoliyə basqın edənlərin məhkəməsi təxirə salındı – “Tramp prezident seçilib”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Federal hakimlər Karl Nikols və Rudolf Kontreras öz qərarlarını Donald Trampın prezident seçilməsi ilə izah ediblər. Onlar hesab edirlər ki, Tramp rəsmən prezident kürsüsünə əyləşdikdən sonra bu cinayət işləri ləğv oluna bilər.

Hakim Karl Nikols iş üzrə prokurora “məhkəməni yeni administrasiya fəaliyyətə başlayan kimi işə xitam verilməyəcəyinə əmin edə bilərmi?” sualını ünvanlayıb. 

Vəkil Marina Medvin jurnalistlərə bildirib ki, prokuror belə təminat verə bilməz. 

Qeyd edək ki, bu, federal hakimlərin Kapitoliyə basqınla bağlı təqsirləndirilən şəxslərin işlərinə baxılmasını təxirə salmaq tələbləri ilə razılaşdıqları ilk haldır.

Donald Tramp seçkiqabağı kampaniya dövründə 6 yanvar 2021-ci il hadisələri ilə bağlı məhkum olunanların hamısını əfv edəcəyinə söz vermişdi.

Xatırladaq ki, Kapitoliyə basqınla bağlı 1400-dən çox insan ittiham olunub, onlardan 900-dən çoxu artıq mühakimə olunub. Təxminən üçdə ikisi 22 ilə qədər  qədər həbs cəzası alıb. 

Amma bu yay ABŞ Ali Məhkəməsi Kapitoliyə hücumun iştirakçılarının mühakimə olunmasını çətinləşdirib.

Xatirə SADİQ