Trampın şəxsi ruhani müşaviri Ukraynaya gəldi

ABŞ prezidenti Donald Trampın şəxsi ruhani müşaviri pastor Mark Börns martın 31-də Ukraynaya gəlib.

Mar 31, 2025 - 14:13
Trampın şəxsi ruhani müşaviri Ukraynaya gəldi

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i ölkənin baş ravvini Moşe Azmana istinadən məlumat yayıb. 

“Mənim dəvətimlə Ukraynaya xüsusi qonaq – prezident Donald Trampın şəxsi mənəvi müşaviri Pastor Mark Börns gəlib. O, ABŞ-nin dini və siyasi çevrələrində tanınmış simadır. Bu gün onun səsi Amerikanın yeni strategiyasının və siyasətinin formalaşmasında böyük şəkiyə malikdir”, - deyə Azman vurğulayıb.

Börns səfər zamanı Rusiya ordusunun Ukraynanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərin nəticələrini görmək və şahidlərin xatirələrini şəxsən dinləmək üçün Buça, İrpen və Borodyankaya baş çəkib. 

“Gördükləri onu dərindən heyrətə gətirdi. O, ağrısını, hiddətini və səmimi üzüntüsünü gizlətmədi", - deyə Asman yazıb.

Ukraynanın baş ravvini bildirib ki, Börnsin “bu emosiyaları və ifadələri” Trampa çatdıracağına əmindir: “Pastor Börns böyük qərarların qəbul edildiyi yerdə eşidilmək imkanı olan bir insandır. Mən inanıram ki, Ukrayna həqiqətinin səsi Amerikanın yeni rəhbərliyinin qəlbinədək çatdırılacaq”.

Xatırladaq ki, Trampla Oval kabinetdə qalmaqallı görüşü zamanı Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarına Kiyevə gəlməyi və işğalçı Rusiyanın qonşusuna qarşı törətdikləri fəlakətləri öz gözləri ilə görməyi təklif etmişdi. 

Xatirə SADİQ