MART düşüncələri
Dedi “Yaz!”. Yazıram: Aprel ayının 1-ində bütün televiziya kanallarının xəbərləri doğru olacaq.
Gəldi yaz. Necə gəldiyini görmədik – havalar soyuq idi. Amma eşitdik: atəşfəşanlıq sanki evin içində keçirilirdi. Həm də onu qoxuduq: tonqalların tüstüsü havanı bürümüşdü.
“Havadan yaz”. Səninçin Mərkəzi statistika idarəsiyəm ki, havadan götürüb yazım!
Kənddə idim. Hörmətli qoca zəng edib soruşdu:
– Hava necədir?
– Gəlmək fikrin var?
– Yox, elə-belə soruşdum.
“Hər halda, havadan yaz”. Dedim, havadan qoy ekoloji və təbii sərvətimiz olan meteoroloq münəccimlərimiz yazsınlar. Mənim işim havalılardan yazmaqdır.
“Kitab yaz”. Dedim:
– İndi heç bir ağıllı adam kitab oxumur. Axmaqlar üçün isə istəmirəm yazmaq!
“Gəlirindən yaz”.
Bu gün çox gözlədim, avtobus gəlmədi. Gözüm yolda, 1 manatım cibimdə qaldı.
“Hökm sürən sabitlikdən yaz”.
Deyir: 2 həftədir güclü külək əsir, qeyri-sabit hava şəraiti var.
Deyirəm: Hər hansı şey 2 həftədir davam edirsə, bunun özü sabitlik əlamətidir.
“Trampdan yaz”. Necə, axı çatışmıram. Axşam bir söz söyləyir, mən yazınca – səhər onun tam əksini deyir.
“Pişiklərdən yaz”. Yaxşı pişik ilboyu Mart pişiyidir!
“Lətifə yaz”. Lətif hələ sağdır?
Dedi “Yaz!”. Yazılıb, təkrar edə bilərəm:
– Rza, boynuma alıram ki, sənə xəyanət etmişəm.
– Sona, mən də sənə.
– Rza, 1 Aprel.
– Sona, mən isə fevralda.
Deyir “Şeir yaz”. Oxu, gəldi!
Yaxşıdır ki, pis deyil,
Pisdir ki, yaxşı deyil.
Misranın biri Şəkidən Bakıya Maştağadan keçməklə getsə, o biri misra stadionda məşq etsə,
Deməli şeir deyil.
A.ƏZİZ