Kamran Ağayev istefa verdi
Son zamanlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) ardıcıl kadr dəyişiklikləri və kütləvi ixtisarların olması ilə bağlı iddialar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur. Bəzilərinin isə ərizələrinin alındığı bildirilir: “Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir. Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.
Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək ki, nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil - strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.
İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir”.
Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq Kamran Ağayevin işdən çıxdığı təsdiqlənsə də, kütləvi ixtisarların olmadığı bildirildi: “İRİA-da hazırda hər hansı kütləvi ixtisar prosesi həyata keçirilmir və mənfi məzmunlu struktur dəyişiklikləri baş vermir. Bunun əksinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Agentliyin institusional potensialının gücləndirilməsi, o cümlədən peşəkar və ixtisaslı kadrların cəlb olunması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda qeyd etmək istərdik ki, İRİA-da kadr siyasəti daim peşəkarlıq, effektivlik və layihələrin prioritetliyinə uyğun şəkildə həyata keçirilir və proseslərə daim həssaslıqla yanaşılır.
Kamran Ağayevlə bağlı məsələyə gəldikdə isə bildiririk ki, o, Agentlikdə fəaliyyət göstərdiyi müddət ərzində data idarəetməsi və süni intellekt sahələrində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasına dəyərli töhfələr verib. Kamran Ağayev Agentlikdə əlavə iş yeri olaraq fəaliyyət göstərib və öz şəxsi qərarı əsasında Agentlikdən ayrılıb. Gələcəkdə Kamran Ağayev və İRİA arasında müxtəlif layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanlarının davam etdirilməsi istisna olunmur”.
Qeyd edək ki, K.Ağayev 2023-cü ilin iyununda İRİA-da Data İdarəetməsi departamentinin direktoru təyin olunmuşdu.