“Gürcüstan iqtidarı rus təbliğatı aparır” – Avropa Komissiyası

Gürcüstan hakimiyyəti xüsusən də Avropa İttifaqının və Aİ-nin Gürcüstandakı səfirinin hərəkətləri ilə bağlı dezinformasiya yaymaqla faktiki olaraq Rusiya təbliğatı aparır.

Oct 6, 2025 - 17:24
“Gürcüstan iqtidarı rus təbliğatı aparır” – Avropa Komissiyası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə oktyabrın 6-da Brüsseldə jurnalistlərə Avropa Komissiyasının xarici əlaqələr üzrə aparıcı sözçüsü Anitta Hipper bildirib.

Onun sözlərinə görə, söhbət dezinformasiyadan və Aİ səfirinə hücumdan gedəndə bu, təbliğatın klassik nümunəsinə çevrilir. 

Hipper əlavə edib ki, Aİ “istənilən tərəfdən zorakılığın istənilən təzahürünü” pisləyir.

“Aİ həmişə əsas hüquq kimi dinc etirazlara və dinc nümayişlərə çağırıb. Bununla belə, biz zorakılığın istənilən formasını qətiyyətlə pisləyirik. Bu, bizim həmin məsələ ilə bağlı rəsmi bəyanatımızdır”, - Avropa Komissiyasının sözçüsü vurğulayıb.

Gürcüstan mediası xəbər verir ki, ölkənin baş naziri İrakli Kobaxidze bələdiyyə seçkiləri günü keçirilən kütləvi etirazlara görə məsuliyyəti Aİ-nin Tiflisdəki səfirinin və “xaricdən gələn konkret şəxslərin” daşıdığını bildirib. 

Xatırladaq ki, yerli idarəetmə seçkilərindən sonra Aİ-nin ali nümayəndəsi Kaya Kallas və Avropa komissarı Marta Kosun birgə bəyanatında oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkilərin rəqabətsiz və şəffaf olmadığı bildirilib.

Xatirə SADİQ