Üzərək İspaniyaya keçmək istəyən 57 miqrant öldü - Seutada fövqəladə vəziyyət

İspaniyanın Şimali Afrikadakı anklavı olan Seutada miqrant böhranı daha da dərinləşib. 

Jul 31, 2026 - 21:33
Üzərək İspaniyaya keçmək istəyən 57 miqrant öldü - Seutada fövqəladə vəziyyət

SAVASHMEDİA.az xəbər verir ki, Mərakeşdən quru və dəniz yolu ilə şəhərə daxil olmağa çalışan on minlərlə miqrant bölgədə humanitar və təhlükəsizlik böhranına səbəb olub.

Rəsmi məlumata görə, son günlər təxminən 50 min miqrant Seutaya daxil olub və onların böyük hissəsi artıq könüllü şəkildə Mərakeşə qayıtmağa başlayıb. Əraziyə nəzarəti gücləndirmək məqsədilə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Son məlumatlara görə, hadisələr zamanı ən azı 57 nəfər ölüb. Onların əksəriyyətinin Seutaya üzərək keçmək istəyərkən boğulduğu, bir qisminin isə sərhəd-keçid məntəqələrində yaranan izdiham və basabas zamanı həyatını itirdiyi bildirilir. Onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

İspaniyanın Baş naziri Pedro Sançes kütləvi sərhəd keçidini ölkənin ərazi bütövlüyünə qarşı təhdid adlandırıb. Madrid baş verənlərə görə insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri və miqrantları yanlış məlumatlandıran şəxsləri günahlandırıb.

Miqrant axını Avropa ölkələrində də ciddi siyasi müzakirələrə səbəb olub. Bir sıra Avropa liderləri sərhəd nəzarətinin gücləndirilməsini və qanunsuz miqrantların sürətlə geri qaytarılmasını tələb ediblər.

Oğuz