ABŞ prezidenti İsrail və Livan Hizbullahı arasında barışıq elan etdi
“İsrail və Livandakı Hizbullah arasında atəşkəs çərşənbə günü hər iki tərəf ABŞ və Fransanın vasitəçiliyi ilə razılaşmanı qəbul etdikdən sonra qüvvəyə minəcək”.
SAVASHMEDIA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden elan edib.
İsrail Təhlükəsizlik Şurasının razılaşmanı təsdiqləməsindən qısa müddət sonra Ağ Evdə çıxış edən Bayden bildirib ki, keçən il Qəzza müharibəsi başlayandan bəri minlərlə insanın həyatına son qoyan münaqişəyə son qoymağa yol açan saziş döyüşlərə həmişəlik son qoymağı hədəfləyir.
İsrailin baş naziri Binyamin Netanyahu ilə Livanın baş naziri Najib Mikati arasında aparılan danışıqlar barədə məlumat verən Bayden bildirib ki, İsrail və Livan sərhədində döyüşlər yerli vaxtla səhər saat 4-də (Qrinviç üzrə 02:00) başa çatacaq.
“Bu, hərbi əməliyyatların daimi dayandırılması olmalıdır. “Hizbullah” və digər terror təşkilatlarının qalıqlarının bundan sonra İsrailin təhlükəsizliyini təhdid etməsinə icazə verilməyəcək”, - deyə Bayden vurğulayıb.
O, əlavə edib ki, İsrail 60 gün ərzində öz qüvvələrini tədricən geri çəkəcək, Livan ordusu isə “Hizbullah”ın bölgədəki infrastrukturunu bərpa edə bilməməsi üçün İsraillə sərhədə yaxın əraziyə nəzarəti ələ keçirəcək.
“Hər iki tərəfdəki mülki insanlar tezliklə öz icmalarına təhlükəsiz şəkildə qayıda biləcəklər”, - deyə ABŞ prezidenti nəzərə çatdırıb.
Co Bayden onu da qeyd edib ki, hazırda onun administrasiyası Qəzzada daimi atəşkəs əldə etməyə çalışır. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətləri normallaşdıra bilməsi tamamilə mümkündür.
Xatirə SADİQ