ABŞ və İran rəsmiləri Osloda görüşə bilər

Amerika Birləşmiş Ştatları (ABŞ) gələn həftə Norveçin paytaxtı Osloda İranla nüvə danışıqları aparmağı planlaşdırır.

Jul 4, 2025 - 16:19
ABŞ və İran rəsmiləri Osloda görüşə bilər

SAVASHMEDİA.az bu barədə “Axios” portalına istinadən xəbər verir. 

Mənbələrin sözlərinə görə, Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun nüvə danışıqlarını yenidən başlamaq üçün gələn həftə İranın xarici işlər naziri Abbas Araqçi ilə Osloda görüşməsi gözlənilir.

Nəşr yazır ki, yekun tarix hələ müəyyənləşdirilməyib və heç bir ölkə görüşü açıq şəkildə təsdiqləməyib. Amma baş verərsə, bu, prezident Trampın keçən ay İranın nüvə obyektlərinə misli görünməmiş hərbi zərbə endirmək əmrindən sonra ilk birbaşa danışıqlar olacaq.

“Hazırda səyahət elanımız yoxdur”, - Ağ Evin nümayəndəsi “Axios”a bildirib.  

Nəşr isə qeyd edib ki, Uitkoff və Araqçi İsrail və İran arasında ABŞ-nin vasitəçiliyi ilə atəşkəslə başa çatan 12 günlük müharibə zamanı və ondan sonra birbaşa təmasda olublar. Oman və Qətər məmurları da iki tərəf arasında vasitəçilikdə iştirak ediblər. 

Xatirə SADİQ