Abxaziya prezidenti istefa verdi - Sənədin FOTOSU

Qondarma Abxaziya Respublikasının prezidenti Aslan Bjaniya müxalifətlə danışıqlar zamanı əldə olunmuş razılığa əsasən istefa verib. 

Nov 19, 2024 - 11:24
Abxaziya prezidenti istefa verdi - Sənədin FOTOSU

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” Bjaniyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Exo Kavkaza”-ın məlumatına görə, hökumət başçısı Aleksandr Ankvab da vəzifəsini tərk edib.

Tərəflərin imzaladığı razılaşmaya əsasən, Bjaniya istefa ərizəsini təqdim edir, müxalifət tərəfdarları isə etirazlar zamanı zəbt etdikləri hökumət binaları kompleksini tərk edirlər. Bu məqama əməl edilmədiyi təqdirdə Bjaniya istefasını geri götürür.

Abxaziya parlamenti Bjaniyanın istefasına bu gün, noyabrın 19-da baxacaq. 

Vitse-prezident Badra Qunba öz vəzifələrini yerinə yetirəcək. Abxaziya parlamentinin keçmiş sədri Valeri Bqanba baş nazir postuna təyin edilib.

Xatırladaq ki, noyabrın 15-də Suxumidə rus-abxaz “investisiya müqaviləsi”nə qarşı etiraz aksiyasının iştirakçıları hökumət binaları kompleksinin ətrafındakı hasarın bir hissəsini sökərək parlament binasına bitişik əraziyə, sonra isə parlamentin və prezident administrasiyasının içərisinə daxil olublar. Bundan sonra müxalifət Bjaniyanı istefa verməyə məcbur etdi. 

Xatirə SADİQ