Abxaziyada Rusiya əleyhinə aksiya başladı - Etirazçılar parlamentə hücum etdi

Abxaziyada etirazçılar ölkə parlamentinin yaxınlığındakı hasarı sındıraraq qurumun ərazisinə daxil olublar. 

Nov 15, 2024 - 14:24
Abxaziyada Rusiya əleyhinə aksiya başladı - Etirazçılar parlamentə hücum etdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə yerli “Republica” teleqram kanalı məlumat yayıb. 

Məlumatda deyilir ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Aksiya iştirakçıları ölkə parlamentinin toplanmasını və Rusiya ilə investisiya sazişinin ratifikasiyası barədə qanun layihəsinin rədd edilməsini tələb ediblər. 

Parlamentin iclası keçirilsə də, deputatlar gündəliyin əleyhinə səs veriblər və iclasın təxirə salınmasına qərar veriblər. Növbəti iclasın tarixi sonra elan ediləcək. 

Bu qərardan sonra aksiya iştirakçıları hücuma keçiblər. Nümayişçilər hökumət tərəfdarlarına yumurta atıblar.

Qeyd edək ki, artıq bir neçə gündür Abxaziyada etirazlar davam edir. Moskva ilə Suxum arasında Rusiya sərmayəsinin respublikaya qoyulması ilə bağlı saziş müxalifətin narazılığına səbəb olub. Bu sənədi hər iki ölkənin hökumət nümayəndələri imzalayıblar.

Müxalifət hesab edir ki, Abxaziya sazişdən iqtisadi fayda əldə etməyəcək və ondan imtina edilməlidir. 

“İlk növbədə, bu saziş xarici oliqarxların 25 ilədək vergidən azad edilməsini nəzərdə tutur. Müqavilədə nəzərdə tutulan güzəştlər 2 milyard rubl və ya daha çox investisiyalar üçün tətbiq olunmağa başlayır. 25 il ərzində büdcəyə bir qəpik də gətirməyəcək belə investisiya layihələri bizim nəyimizə lazımdır?!”, - deyə abxaz xalq hərəkatının lideri, respublikanın keçmiş baş nazirinin müavini və iqtisadiyyat naziri Adqur Ardzinba bildirib. 

Xatırladaq ki, etirazçılar noyabrın ortalarında Abxaziyadan Rusiya sərhədinə gedən əsas magistral yolu bağlayıb, həbs edilmiş altı nümayişçinin azad edilməsini tələb ediblər. Abxaziya prezidenti Aslan Bjaniya vətəndaşlara müraciət edərək, sakitliyi saxlamağı və təxribatlara uymamağı xahiş edib.

Xatirə SADİQ