"Açıq və dürüst danışdıq, çoxdandır..." - Lavrov Mirzoyanla görüşünü dəyərləndirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarını “müfəssəl” adlandırıb. 

Jan 21, 2025 - 14:11
"Açıq və dürüst danışdıq, çoxdandır..." - Lavrov Mirzoyanla görüşünü dəyərləndirdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, erməniəsilli rusiyalı nazir bu barədə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, tərəflər məsələlərin qarşılıqlı qane edən həllinə gəliblər. 

“Biz Ararat Samveloviç Mirzoyanla çoxdandır ikitərəfli məsələlərlə bağlı belə müfəssəl danışıqlar aparmamışdıq. Biz bir-birimizi müxtəlif tədbirlər çərçivəsində görürdük, lakin uzun müddətdir ki, münasibətlərimizin gündəmində olan məsələlərin, demək olar ki, bütün spektrini beləcə – ətraflı müzakirə etməyə nail ola bilmirdik”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) başçısı Lavrov əlavə edib. 

Lavrovun fikrincə, Moskva İrəvanla bütün, o cümlədən hərbi-siyasi sahədə razılaşmalarına sadiqdir və qeyd edib ki, tərəflər münasibətlərinə regiondankənar oyunçuların mənfi təsir göstərməməsində maraqlıdır. 

Lavrov nəzərə çatdırıb ki, Mirzoyanla tərəflərin narahatlığı barədə açıq və dürüst danışmaq barədə razılığa gəlib: “Biz həmçinin normal iş münasibətlərini çətinə çevirmək marağında olan media məkanından ölkələrimizin bədxahları tərəfindən istifadə edilməməsi üçün tədbirlər görməyə çalışacağıq”.

O, həmçinin beynəlxalq gündəmdə olan əksər, məsələn, ənənəvi dəyərlərin qorunması, nasizmin tərənnümünə qarşı mübarizə və sair məsələlərdə iki ölkənin mövqelərinin yaxınlığını, 12 milyard dollar təşkil eən ticarət dövriyyəsinin “görünməmiş artım tempini” və Rusiyanın Ermənistanın əsas xarici ticarət tərəfdaşı olduğunu vurğulayıb. 

Nazir əlavə edib ki, Rusiya biznesi Ermənistan bazarında əməliyyatlarını genişləndirməkdə maraqlıdır. Rusiya ilə Ermənistan arasında münasibətlərin inkişafı üçün əsaslardan biri isə Avrasiya İqtisadi İttifaqıdır (Aİİ).

XİN rəhbəri əlavə edib ki, ölkəsi İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsi, delimitasiya və demarkasiya, kommunikasiyaların açılmasına kömək etməyə hazırdır.

Ermənistan XİN rəhbəri də Aİİ-də ikitərəfli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan İkinci Qarabağ müharibəsində möhtəşəm və parlaq qələbə qazandıqdan sonra Rusiya ilə Ermənistan arasında münasibətlər daha da gərginləşib. Hətta Ermənistan hökuməti Moskvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla hədələyib, lakin üzvlükdən rəsmən imtina etməyib. Hazırda Ermənistan bu təşkilatın fəaliyyətində iştirak etmir.

Bayden administrasiyasının son günlərində ABŞ ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalayan Ermənistan hökuməti Avropa İttifaqına daxil olmaqla bağlı qanun layihəsini təsdiqləyib. 

Xatirə SADİQ