Ağ Ev miqrantları Quantanamoya göndərdi
ABŞ hakimiyyəti iyirmiyə yaxın miqrantı Kubada yerləşən Quantanamo həbsxanasına yerləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi”nə ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.
Tramp administrasiyasının “yüksək təhlükəli” hesab etdiyi miqrantlar “Fort Bliss”dən hərbi C-17 təyyarələrinin göyərtəsinə çatdırılıblar. Adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi “Amerikanın Səsi”nə bildirib ki, miqrantlar Quantanamodakı təcridxanada saxlanılacaqlar.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsində bəzi miqrantların hərbi yük təyyarəsinə minməyə hazırlaşdıqlarını əks etdirən fotoları yerləşdirib. Nazir xəbərdarlıq edib ki, miqrantların deportasiya edilməsi səyləri yeni başlayır.
Daxili Təhlükəsizlik Nazirliyi sonradan bildirib ki, Texasdan Quantanamoya uçan hərbi reysdə olan bütün miqrantlar beynəlxalq səviyyədə fəaliyyət göstərən Venesuelanın “Tren de Aragua” küçə dəstəsinin üzvləridir. Məmurlar məhbusların ilk dəfə nə vaxt və necə həbs edildiyini açıqlamayıblar. Ağ Ev bundan öncə “Tren de Araqua”nı xarici terror təşkilatı kimi tanımaq planlarını açıqlamışdı.
“Əgər siz ölkəmizdən çıxardığımız qəddar quldursunuzsa, biz sizi ölkənizə geri qaytarmağı gözləyərkən “Əl-Qaidə” üçün tikilmiş kamerada olacaqsınız”, - deyə müdafiə naziri Pit Heqset “Fox News”a müsahibəsində bildirib.
Tramp keçən ay verdiyi sərəncamda Müdafiə və Daxili Təhlükəsizlik Nazirliklərinə 30 min miqrantı saxlamaq üçün ABŞ-nin Kubadakı hərbi dəniz bazasını hazırlamağı tapşırmışdı.
“Onların bəziləri [saxlanılan miqrantlar] o qədər pis insanlardır ki, biz [digər] ölkələrin onları saxlamasına belə inanmırıq, çünki onların geri qayıtmasını istəmirik. Ona görə də biz onları Quantanamoya göndərəcəyik”, - deyə Tramp diqqətə çatdırmışdı.
Quantanamo həbsxanası daha çox “Taliban” üzvləri və 2001-ci il 11 sentyabr hücumlarında iştirak edənlər də daxil olmaqla, müharibə və terrorizmdə şübhəli bilinən əsirlərin saxlanması ilə məşhurdur.
Xatirə SADİQ