Gürcüstanda məktəblər bağlandı - Müəllimlər də etiraz edir

Gürcüstanın paytaxtı Tiflisdə və bir sıra digər şəhərlərində etiraz əlaməti olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb.

Dec 2, 2024 - 17:28
Gürcüstanda məktəblər bağlandı - Müəllimlər də etiraz edir

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, tələbələr auditoriyaları, məktəblilər isə siniflər tərk ediblər.

Etiraz aksiyaları keçirən gənclərə professor və müəllimlər də qoşulur. Onlar Gürcüstan hökumətinin Avropa İttifaqı (Aİ) ilə danışıqlar prosesini 2028-ci ilin sonuna qədər dayandırmaq qərarına etiraz edirlər.
 
Dekabrın 2-dən etibarən Komarov adına məktəbdə, Müqəddəs İlya adına məktəbdə, Nyuton Sərbəst Məktəbində, Yaşıl Məktəbdə, UG məktəbi olan Givi Zaldastanişvili adına Amerika Məktəbində dərslər dayandırılıb. 

“Bizim əsas dəyərimiz tələbələrimizin azadlığı və gələcəyidir, buna görə də biz bütün həqiqi etiraz təşəbbüslərinə qoşuluruq”, - deyə məktəblərin birgə bəyanatında deyilir. 

Etiraz regionlarda – Zuqdidi, Kutaisi, Poti şəhərlərinin bir sıra məktəblərində, Lançxuti rayonunun Niqvziani kəndində, Axaltsixe, Çoxatauri şəhərlərində davam edir.

Tbilisi və Batumidə tələbələrin və universitet müəllimlərinin birgə etiraz aksiyaları keçirilir.

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə məktəblərə müraciət edib:
“Universitetlərdən sonra məktəblərin bütün Gürcüstanda etirazlarla bağlı həmrəylik nümayiş etdirməsinin vaxtıdır”.

Xatirə SADİQ