Aİ Azərbaycandan Slovakiyaya qaz tədarükünün yollarını axtarır 

Slovakiyanın müraciəti əsasında yaradılmış işçi qrupu çərçivəsində Avropa Komissiyası qaz tədarükünün şaxələndirilməsi yollarını axtarır, xüsusən də bu kontekstdə Azərbaycanın imkanlarını öyrənir.

Mar 19, 2025 - 16:55
Aİ Azərbaycandan Slovakiyaya qaz tədarükünün yollarını axtarır 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Brüsseldə jurnalistlərlə söhbəti zamanı energetika üzrə Avropa komissarı Den Yorgensen deyib.

“Son bir neçə ayda iki dəfə baş nazir (Slovakiya) Fitso ilə görüşdüm və elə dünən də ölkənin baş nazirinin müavini ilə danışdım. Bizim yüksək səviyyəli işçi qrupumuz var ki, artıq dörd dəfə görüşmüşdür və regionun müxtəlif ölkələrinə mənfi təsirlərin bir qismini aradan qaldırmaq üçün tezliklə yenidən görüşəcək. Sözsüz ki, Slovakiya da bu ölkələrdən biridir. Əvvəldən biz tədarük problemi olmasa belə, kömək etmək istədiyimiz barədə siqnal göndəririk, lakin ölkələr qiymət artımına işarə edir”, - deyə Jorgensen vurğulayıb. 

Onun sözlərinə görə, Avropa Komissiyası həll yolunu tapmağı öz vəzifəsi hesab edir. “Mən bu yolla daha çox qaz əldə etmək imkanının olub-olmadığını öyrənmək üçün Azərbaycan hökuməti ilə də əlaqə saxlamışam. Biz regionun digər ölkələri ilə də daha çox çeviklik imkanının olub-olmadığını öyrənmək üçün işləyirik", - Avropa Komissiyasının nümayəndəsi qeyd edib. 

Eyni zamanda o, Slovakiya rəsmi şəxslərinin Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasının avropalı istehlakçılara milyardlarla avroya başa gələcəyi ilə bağlı gümanını rədd edib. 

Xatirə SADİQ