Aİ diplomatından Trampa cavab - “Avropa ən böyük donordur”
“Avropa ən böyük donordur. Mənim hesablamalarıma görə, biz Ukraynaya 134 milyard avrodan çox vəsait təqdim etmişik. Bu, bizi ən böyük beynəlxalq donor edir”.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas prezidenti Donald Trampın ABŞ-nin Ukraynaya yardım üçün Avropadan 200 milyard dollar çox vəsait ayırdığı barədə iddiasına münasibət bildirərkən deyib.
“Bu gülməlidir. Çünki bu, onlara daha çox təsir edir. Aramızda okean var”, - deyə Kallas vurğulayıb.
Bundan başqa, Aİ diplomatiyasının rəhbəri Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı danışıqlarda Avropanın da iştirak etməsinin vacib olduğuna diqqəti cəlb edib.
“Rusiya ilə Ukrayna arasında hansı danışıqlar və ya razılaşmaların getməsindən asılı olmayaraq, bu, Avropaya da aiddir. Ona görə də “Avropa haqqında Avropasız heç nə” həmçinin burada əsas məsələdir”, - deyə Kallas əlavə edib.
O, Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətinin ayın sonunda uzadılmasına razılaşa biləcəyinə dair müəyyən nikbinliyini ifadə edib: “Mən indi sanksiyaları yumşaltmaq və ya ləğv etmək üçün heç bir səbəb görmürəm. Nikbin olmağımın səbəbi odur ki, biz həmişə birliyə nail olmuşuq və indiyə qədər onu qorumuşuq. Buna görə də əminəm ki, bu dəfə də bizdə hər şey alınacaq”.
Kallasın sözlərinə görə, Aİ məmurları blok daxilində dondurulmuş Rusiya aktivləri ilə başqa nə edilə biləcəyini araşdırırlar.
Xatirə SADİQ