“Aİ Ukraynaya hərbi yardımı ikiqat artıracaq, əgər…”
Avropa İttifaqı (Aİ) birbaşa ukraynalı istehsalçılarından silah almaqla Ukraynaya hərbi dəstəyi əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Aİ-nın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius “X” sosial şəbəkəsində yazıb.
Kubiliusun sözlərinə görə, ABŞ və Aİ hazırda Ukraynaya hərbi yardım üçün hər il təxminən 40 milyard avro ayırır. Onun fikrincə, bu vəsaitləri birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yatırmaqla daha səmərəli istifadə etmək olar.
“Əgər Tramp Putini sülh bağlamağa inandırmasa, biz Ukraynaya hərbi dəstəyimizi əhəmiyyətli dərəcədə artırmaqla, çox tez sülh üçün daha inandırıcı iddia irəli sürə bilərik”, - deyə Kubilius əlavə edib.
Avropalı məmur nəzərə çütdırıb ki, Ukraynada istehsal olunan silahların dəyəri Aİ və ya ABŞ-dən gələn oxşar silahların təxminən yarısıdır. Beləliklə, Ukraynaya verilən silahların həcmi xərcləri artırmadan effektiv şəkildə iki dəfə artırıla bilər.
“Bizim dəstəyimizin real dəyəri 80 milyard avroya qədər artacaq”, - deyə o, vurğulayıb.
Kubilius üzv dövlətlərə Ukrayna üçün hərbi satınalmaları maliyyələşdirməyə imkan verən Aİ təhlükəsizlik kreditlərinə də diqqəti cəlb edib. Onun fikrincə, bu, “güc vasitəsilə sülh” strategiyasının həyata keçirilməsinə yol açır.
“Təhlükəsizlik kreditləri Ukrayna üçün gücdür!”, - deyə komissar bildirib.
Xatirə SADİQ