Alkatras zindanı açılır - Trampdan göstəriş 

ABŞ prezidenti Donald Tramp bədnamlığı ilə məşhur olan Alkatras federal həbsxanasının yenidən açılmasına göstəriş verib. 

May 5, 2025 - 13:02
Alkatras zindanı açılır - Trampdan göstəriş 

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “X” sosial şəbəkəsində yazıb.

Tramp tvitində məhkəmə sistemini cinayətkarlara qarşı yumşaq davranmaqda ittiham edib və administrasiyasının residivistlərin azadlıqda qaldığı vəziyyətə son qoyacağına söz verib.

“Bu gün mən Ədliyyə Nazirliyi, Federal Təhlükəsizlik Bürosu (FTB) və Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə Həbsxanalar Bürosuna Amerikanın ən şiddətli və təhlükəli cinayətkarlarını yerləşdirmək üçün tamamilə yenilənmiş və böyük ölçüdə genişləndirilmiş Alkatrası açmağa göstəriş verirəm. Alkatrasın açılışı yenidən QANUN, QAYDA VƏ ƏDALƏT rəmzi olacaq. Biz AMERİKANI YENİDƏN MÖHTƏŞƏM edəcəyik!”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Alkatras Kaliforniyanın San-Fransisko körfəzindəki eyniadlı adada yerləşən keçmiş federal həbsxanadır. O, 1934-cü ildən 1963-cü ilə qədər fəaliyyət göstərib. Bu həbsxana ABŞ-də ən sərt və ən müdafiə olunmuşlardan biri hesab olunurdu. Orada ölkənin ən təhlükəli cinayətkarları, o cümlədən qanqster Al Kapone saxlanılırdı. Yüksək xərclər və ekoloji problemlər səbəbindən həbsxana bağlandı və sonradan ada muzeyə çevrildi.

Xatirə SADİQ