Albaniyada Tramp ailəsinə qarşı etiraz dalğası - Gərgin anların VİDEOSU
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Albaniyada həyata keçirmək istədiyi milyardlarla dollarlıq turizm layihəsi kütləvi etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət Albaniyanın Adriatik dənizində yerləşən və təbiət qoruğu statusuna malik Sazan adasında tikilməsi planlaşdırılan ultra-lüks kurortdan gedir.
Yerli ekoloqlar və vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, layihə bölgənin unikal ekosisteminə ciddi zərər vura bilər. Son günlər paytaxt Tirana da daxil olmaqla bir neçə şəhərdə etiraz aksiyaları keçirilib. Nümayişçilər layihənin dayandırılmasını və ərazinin qorunmasını tələb edirlər.
Məlumata görə, Kuşnerin investisiya şirkəti Sazan adasında təxminən 1,4 milyard dollarlıq lüks kurort kompleksi tikməyi planlaşdırır. Layihə hotellər, villalar, marina və digər turizm obyektlərini əhatə edir.
Etirazçılar bildirirlər ki, ada və ətraf ərazilər nadir quş növlərinin, dəniz tısbağalarının və Aralıq dənizi suitilərinin yaşayış məkanlarından biridir. Onların fikrincə, tikinti işləri bu təbii sərvətlərin məhv olmasına səbəb ola bilər.
Albaniyanın Baş naziri Edi Rama isə layihəni müdafiə edir. O, xarici investisiyanın ölkə iqtisadiyyatı və turizmi üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Hökumət layihənin ekoloji standartlara uyğun həyata keçiriləcəyini iddia edir.
Qeyd edək ki, son günlər etiraz aksiyaları zamanı polis və nümayişçilər arasında gərgin anlar yaşanıb. Albaniya prokurorluğu isə layihə ilə bağlı bəzi investisiya əməliyyatlarını araşdırmağa başlayıb.
Oğuz