Alen Simonyan Bakıya dəvət aldığını açıqladı - Onu Sahibə Qafarova çağırıb?

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.

Jun 2, 2026 - 01:19
Jun 2, 2026 - 01:32
Alen Simonyan Bakıya dəvət aldığını açıqladı - Onu Sahibə Qafarova çağırıb?

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı bildirib ki, dəvət alacağı və münasib şərait yaranacağı təqdirdə Azərbaycana səfər etməyə hazırdır.

Simonyanın sözlərinə görə, yaxın keçmişdə Azərbaycanda keçirilən forumlardan birinə qatılması üçün ona dəvət göndərilib.

O, seçki kampaniyası səbəbindən tədbirdə iştirak edə bilmədiyini bildirib.

“Sizə bir sirr açacağam. Bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Lakin seçki kampaniyası səbəbindən iştirakdan imtina etdim”, – o qeyd edib.

Simonyan dəvəti göndərən şəxsin adını açıqlamayıb. Lakin onun “azərbaycanlı həmkarım” ifadəsi ilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı nəzərdə tutduğu ehtimal edilir. Belə ki, son aylarda parlament diplomatiyası çərçivəsində tərəflər arasında təmasların intensivləşdiyi müşahidə olunur.

Spiker əlavə edib ki, gələcəkdə dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazırdır və eyni zamanda region ölkələrinin nümayəndələrini Ermənistana dəvət etmək niyyətindədir. Simonyan siyasətçilərin əsas vəzifəsinin sülhə xidmət etmək olduğunu vurğulayıb.

Bu, onun son aylarda Azərbaycana səfərə hazır olduğunu ifadə etdiyi ilk açıqlama deyil. May ayında da o, rəsmi dəvət olacağı halda Bakıya gəlməyə hazır olduğunu bildirmiş, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı İrəvana dəvət etmişdi.

Oğuz