Çexiya prezidenti gürcü həmkarına zəng etdi – “Dəstəyimi təklif edirəm”
Çexiya prezidenti Petr Pavel gürcü həmkarı Salome Zurabişviliyə yaranmış mürəkkəb vəziyyətdə öz dəstəyini təklif edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Petr Pavel bu barədə “X” sosial şəbəkəsində yazıb.
Çex prezidenti qeyd edib ki, telefon söhbətində Zurabişvili ilə Gürcüstandakı son durumu müzakirə edib.
“Ötən cümə günü ATƏT Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat dərc edib və bu, mənim Gürcüstan prezidentinə son hadisələri müzakirə etmək üçün müraciət etməyimi şərtləndirdi. O, təkcə oktyabr seçkilərində qeydə alınan pozuntularla bağlı deyil, həm də, hesabatda da qeyd olunduğu kimi, ölkədə davam edən repressiyalar, zorakılıqlar və Gürcüstanı Rusiyaya yaxınlaşdıran son qanunvericilik dəyişiklikləri ilə bağlı məlumatları mənimlə bölüşdü. Mən prezidentə hazırkı çətin vəziyyətdən çıxmaq üçün səylərin yönləndirilməsində, eləcə də öz ölkələrinin demokratik gələcəyi üçün mübarizəni davam etdirən Gürcüstan vətəndaşlarına dəstəyimi təklif edirəm”, - deyə Peter Pavel vurğulayıb.
Xatirə SADİQ