Rusiyada sürücü çatışmır – ümid qadınlara qalıb
Rusiyanın Rostov-na-Donu şəhərində avtomobil nəqliyyatı müəssisələrinin kadr təminatı məsələsində gərginlik yaranıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının nəqliyyat üzrə müavini Dmitri Simkov bildirib.
Onun sözlərinə görə, ştata cədvəlində insanların yarıdan çoxu çatmır, çünki əməkdaşların əksəriyyəti Ukrayna müharibəsinə aparılıb və ya özəl şirkətlərə işə düzəlib.
“Şəhərdə ictimai nəqliyyat sürücülərinin defisiti 51% təşkil edib. Sürücülərin maaşı ayda 200 min rubla çatır, lakin buna baxmayaraq, bu sahədə işləmək istəyən yoxdur. Kimsə Şimal Hərbi Dairəsinə, kimsə yük şirkətlərinə və ya taksilərə gedib”, - deyə “Donnews” portalı Simkovdan sitat gətirir.
Məmur avtobus dayanacaqlarında növbələrin yaranmasına görə şəhər sakinlərini günahlandırıb. “Növbəyə duran insanlar oturacaq yerləri tuturlar. Arxada daha 10 avtobusun dayandığını görəndə, düşünürlər: “Niyə ayaqüstə dayanım? Yaxşısı budur digərini gözləyim və oturum”, - deyə o, bildirib.
“The Moscow Times” yazır ki, analoji problem Sibirin şəhərlərində də müşahidə olunur. Dövlət Dumasının deputatı Andrey Qurulev dekabrın 10-da bildirib ki, Çitada onlarla sürücünün müharibəyə getməsi səbəbindən marşrutlara trolleybusların yarısı çıxır.
İrkutskda əmək haqqının aşağı olması səbəbindən, ən azı, 15 sürücü cəbhəyə yollanıb. Nəticədə şəhərin küçələrində cəmi 25 trolleybus işləyir. Beş il əvvəl onların sayı 56-ya çatmışdı.
Kemerovo vilayətinin Novokuznetsk şəhərində mer işçi çatışmazlığı səbəbindən iyul ayında trolleybus sürücüsü kimi işləmək üçün “qadın batalyonu”nun işə götürülməsi ilə bağlı müsabiqə elan edib. 2023-cü ilin dekabrında şəhərdə ictimai nəqliyyatının təxminən 25%-i sürücü çatışmazlığı və köhnəlmiş avadanlıqlar səbəbindən xəttə çıxmayıb.
Xatirə SADİQ