Ali təhsili olmayan keçmiş futbolçu - Gürcüstanın gələcək prezidenti kimdir? 

Gürcüstanın hakim parttiyası keçmiş futbolçu Mixail Kavelaşvilinin prezidentliyə namizədliyini irəli sürüb.

Nov 27, 2024 - 14:00
Ali təhsili olmayan keçmiş futbolçu - Gürcüstanın gələcək prezidenti kimdir? 

SAVASHMEDİA.az gürcü mediasına istinadən xəbər verir ki, “Gürcü arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili bu qərarı brifinqdə açıqlayıb.
 
Bidzina İvanişvili prezidentliyə namizədin yaxşı cəhətlərindən danışıb. İvanişvili prezidentliyə namizədi “dürüstlük, ədalət, vətənpərvərlik və prinsipiallıq - bunlar Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir”, “O, təbiətcə gürcü kişisinin ən yaxşı təcəssümüdür”, “O, gözəl ər və dörd uşaq atasıdır” sözləri ilə səciyyələndirib.

“Konstitusiyanın sistematik şəkildə pozulması və prezidentin ölkəyə xəyanət etməsi təcrübəsi keçmişdə qalacaq”, - deyə İvanişvili nəzərə çatdırıb. 

Kavelaşvilinin deputat kimi fəaliyyəti 11 dekabr 2020-ci ildən başlayıb. Oktyabrın 26-da keçirilən parlament seçkilərində Kavelaşvili “Gürcü Arzusu” partiyasının siyahısında 18-ci olub və hazırda parlamentin 11-ci çağırışının deputatı statusunu alıb.

Gürcü mediası isə diqqəti Mixail Kavelaşvilinin təhsilinə yönəldib. Parlamentin saytında Mixail Kavelaşvilinin təhsili ilə bağlı suala cavab verilmir, çünki həmin bölüm boşdur. 

1971-ci il 22 iyul tarixində dünyaya gələn Kavelaşvili futbolçu karyerasına Tiflisin “Lokomotiv” klubunda başlayıb. Sonra “Dinamo”ya keçib və bu klubun tərkibində Gürcüstanın altıqat çempionu olub. 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna transfer olub və bu klubda çempionluq qazanıb. Onun adı 1995-ci ildə Rusiya çempionatının ən yaxşı futbolçuları siyahısına daxil edilib.

1996-cı ildə “Mançester Siti”yə keçən futbolçu sonradan İsveçrənin “Grasshopper” klubunda çıxış edib. Daha sonra on il ərzində İsveçrənin müxtəlif klublarında oynayıb. 2004-cü ilin ikinci yarısında 6 ay müddətində “Alaniya”nı təmsil edib.

Xatirə SADİQ