“Alla Puqaçova qul deyil, görkəmli qadındır” – Mixail Qutseriyev
“Alla Puqaçovanın hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk etməyə hüququ var idi, çünki o qul deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu biznesmen, “Safmar” qrupunun təsisçisi Mixail Qutseriyev “Forbes”ə müsahibəsində deyib.
“Alla Borisovnanın görkəmli qadın olduğunu təkrarlamaqdan heç vaxt yorulmayacağam. O, təkcə ifaçı, aktrisa, müğənni, bəstəkar kimi görkəmli deyil. Amma bilirəm ki, o, hər kişinin etmədiyi bir neçə hərəkət etdi. Belə hərəkətlərdən sonra mən ona nəinki hörmət edirəm, onu sadəcə olaraq görkəmli şəxsiyyət hesab edirəm. O, qeyri-adi qadındır və canınızı uğrunda qurban verə biləcəyiniz qeyri-adi qadınlar azdır”, - Qutseriyev vurğulayıb.
İş adamı əlavə edib ki, müğənni ölkədən gedəndən sonra onunla ünsiyyət qurmayıb. O, bu hərəkətini Puqaçovanın evli olması ilə izah edib.
Qutseriyevin sözlərinə görə, əri ölkədən gedərkən Puqaçova da onunla getməyə borclu idi, çünki bir-birini sevən, ailə olan şəxs belə etməlidir: “İkincisi, övladları var və o, getməyə bilməzdi. Ona görə də onun haqqında nəyisə səhv etdiyini söyləmək doğöru deyil. Onun haqqı var istədiyi yerə getməyə, o, qul deyil”.
Qutseriyev əlavə edib ki, hər bir insan azaddır: “İstədiyi ilə danışa, istədiyi dinə etiqad edə, istəsə dinini, cinsini dəyişə bilər. Sadəcə bunu (cinsini dəyişməyi – red) təbliğ etməyin”.
Qutseriyev Puqaçova ilə uzun müddək əməkdaşlıq edib və onun mahnılarına şeir yazıb. Onun “Gutseriev Media” adlı öz prodüser mərkəzi var. “Forbes” Qutseriyevin sərvətini 3,7 milyard dollar dəyərində qiymətləndirir. O, ən varlı rusiyalıların reytinqində 38-ci yeri tutur.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra Puqaçova və Qalkin ölkəni tərk ediblər. Məşhur cütlük hazırda uşaqları ilə birlikdə İsraildə yaşayır. Müğənni bir neçə dəfə şəxsi işlərinə görə Moskvaya qayıtsa da, qısa müddətdən sonra ölkəni tərk edib.
2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrinə Maksim Qalkinin adını da əlavə edib. Çünki aktyor Ukraynaya qarşı müharibəni pisləyir, sosial şəbəkələrdə və çoxsaylı konsertlərdə müharibə əleyhinə açıqlamalar verir.
Müğənni bu hadisədən sonra sosial şəbəkələrdə ərini dəstəkləyib və öz adının da bu reyestrə salınmasını xahiş edib.
“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki mən həyat yoldaşımla həmrəyəm”.
SSRİ xalq artisti ərini vicdanlı, ləyaqətli, səmimi insan, Rusiyanın əsl və ələalınmaz vətənpərvəri, vətənə dinc həyat, firavanlıq, söz azadlığı və ölkəmizi təcridə aparan, vətəndaşların həyatını çətinləşdirən illüzor məqsədləri üçün gənclərin ölümünə son qoyulmasını arzulayan şəxsiyyət kimi səciyyələndirib.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qalkin Rusiya ilə eyni yolda deyil, amma Kreml Puqaçovanın “nalayiq” bəyanatlarını eşitməyib.
Ədliyyə Nazirliyi də müğənnini xarici agentlərin reyestrinə daxil etmək üçün heç bir əsas tapmayıb.
Xatirə SADİQ