Almaniya kansleri Rusiyanı hədələdi 

Almaniya kansleri Fridrix Merts Zelenski-Putin görüşünün yaxınlarda baş tutmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib.

Aug 26, 2025 - 16:27
Almaniya kansleri Rusiyanı hədələdi 

SAVASHMEDİA.az xəbər verir ki, kansler bu barədə Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.

“Biz birlikdə iki həftə ərzində Zelenski ilə Putin arasında görüşün baş tutacağına dair gözləntilərimizi ifadə etmişik... Əgər [ABŞ prezidenti Donald] Tramp və Putin arasında razılaşdırıldığı kimi belə görüş baş tutmasa, o zaman top yenidən bizim tərəfdə olacaq. Mən avropalıları və amerikalıları nəzərdə tuturam. O zaman biz yenidən bu məsələ ilə bağlı məsləhətləşəcəyik”, - deyə kansler vurğulayıb.

Mertsin fikrincə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşə razı olmasa, “daha çox təzyiq tələb olunacaq”. 

“Bu hal üçün Avropa İttifaqı (Aİ) sonrakı sanksiyaları hazırlayır. Amerika prezidenti həmçinin əlavə cəza rüsumlarının tətbiqini istisna etməyib”, - deyə kansler əlavə edib. 

Kansler vurğulayıb ki, “əslində razılaşdırılmış” ikitərəfli görüş baş tutmasa, məntiqi addım Putin, Zelenski və ABŞ prezidenti Donald Tramp arasında üçtərəfli söhbətin keçirilməsidir. 

Xatirə SADİQ