Amerika özünə prezident seçdi - “Perspektivli”  qocanı

Əslində, ABŞ Trampı təkcə özünə deyil, bütün dünyaya bəxş etdi. Amerikanın iqtisadi, maliyyə, hərbi gücünü, siyasi nüfuzunu, dünya hadisələrinə müdaxilə imkanlarını nəzərə alsaq, bu, məhz belədir.

Nov 7, 2024 - 10:22
Nov 7, 2024 - 10:57
Amerika özünə prezident seçdi - “Perspektivli”  qocanı

Əslində, ABŞ Trampı təkcə özünə deyil, bütün dünyaya bəxş etdi. Amerikanın iqtisadi, maliyyə, hərbi gücünü, siyasi nüfuzunu, dünya hadisələrinə müdaxilə imkanlarını nəzərə alsaq, bu, məhz belədir.

Kəmalə Harris hakimiyyətdən kənarda qalacaq. O, vitse-prezident olduğu 4 ildə də iqtidar adamı kimi görünmürdü. Bütün müddət ərzində Co Baydenin robotabənzər yerişi və davranışı diqqət mərkəzində idi. Məhz onun növbəti prezidentliyə 1 nömrəli namizəd kimi təqdim olunması Hərrisi oyundan kənar vəziyyətdə saxlayıb. Co son debatda iflasa uğradıqda, Demokratlar partiyası Kəmalədən başqa görkəmli fiqur tapmadı. Ortada onun haqqında kifayət qədər məlumat gəzmirdi. Adətən, namizədləri müxtəlif kompromatlar ifşa edir. Hərrisə qarşı isə heç kompromat da yox idi. Siyası oyunda Kəmalənin ən böyük kozırı hesab olunan cinsi və dərisinin rəngi bu dəfə onun əleyhinə işlədi. Qara dərili qadın son bir neçə seçkidə namizədlər arasında ən açı məğlubiyyətə uğradı. Bu zaman məlum oldu ki, o, təkcə udmağı yox, uduzmağı da bacarmır: yuxusuz gecə keçirmiş seçici fəalların qarşısına çıxıb, onlara təşəkkür etmədi, gələcək işlərə yönəltmədi.

Kompromatlar içində batan Donald Tramp isə, əksinə, bəyənildi.

Birləşmiş Ştatlar əhalisini tolerant, beynəlmiləlçi və “birrəngli bez” sayanları məyus edəcəyəm: orada hərə bir bezin qırağıdır. Hamının bir-birindən, ağların isə hamıdan zəhləsi gedir. Media, Hollivud, populyar “ulduz”lar böyük çətinliklə idilliya təsəvvürü yaradırlar. Əslində, bədii filmlərdən göründüyü kimi, İtaliya mənşəliləri “makaronbaz”, Latın Amerikasından gələnləri “çirkin meksikalı”, “latinos” sözləri ilə məsğərəyə qoyurlar. Hər vasitəyə əl ataraq ölkəyə yol açan miqrant axını insanları təngə gətirib. Cinayətkarlıq, nəşəxorluq məhz həmin kateqoriyadan olanlar arasında çox yayılıb. Onlar ağ dərililəri də bu işlərə sövq edirlər.

Tramp dedi ki, sərhədləri bağlayacaq. Mümkündür. Bəyənildi.

Tramp söz verdi ki, qeyri-qanuni miqrantları ölkədən çıxaracaq. Çətindir. Amma bu da bəyənildi.

Tramp bəyan etdi ki, seçilsə, prezident fəaliyyətinə başlamamış (pah atonnan!) Ukrayna ilə Rusiya arasındakı müharibəni 24 saat ərzində dayandıracaq. Qətiyyən mümkün deyil. Doğrudanmı, amerikalı seçici bu cür cəfəngiyata uya bilərdi? Bildi! Bir vaxt Azərbaycan əhalisi də milli populist Nizami Süleymanovun biyan vədlərindən bihuş olmuşdu. Olan şeydir...

Qərb dünyasında yalnız bir şəxsi tanıyıram ki, prezident seçildikdən sonra öz seçkiqabağı vədinə əməl edib. Bu, Fransa prezidenti Fransua Olanddır. Dedi ki, eyni cins nümayəndələrinə bir-biri ilə evlənmək hüququ veriləcək – verdi. Əhsən, Fransua! İndi bir müsyö digər müsyönün arvadı ola bilər. Və olur! Avropa vətəndaşlığı almaq üçün daha dəridən-qabıqdan çıxma: get Fransaya, al gül kimi bir kişini və özünə arvad et. Kəllə qəndsiz, filansız...

Bilmirəm hansı yaxşıdır: kişini arvad etmək, yoxsa striptiz göstərən qadını almaq. Hər halda, Melaniya Trampın “əmək kitabçası”nda belə qeyd də var.

Xəbərdarlıq: Trampı sevənlər sevinməsinlər, sevməyənlər məyus olmasınlar. Donald hələ prezident deyil. O, hətta rəsmən seçilməyib. Seçkilərin nəticəsi gələn il yanvarın 6-da elan olunacaq. Onun isə güllə səsi eşitməmiş bir qulağı qalıb. Keçirilmiş məhkəmənin hökmü də hələ oxunmayıb. Amma Ştatların qurban veriləsi mənafeləri çoxdur. Gec olsa da, bir gün əhali öz səhvini başa düşər. O vaxtadək isə 78 yaşlı dingildəyən “uşaq” dünyanı özünə çox güldürər. Perspektivli qocadır.

A.ƏZİZ,
perspektivsiz cavan.