Amerikalı hərbçi Rusiyaya məxfi məlumat ötürməyə çalışıb
Texasda M1A2 “Abrams” tankları haqqında məxfi məlumatları Rusiyaya ötürməyə cəhd edən 22 yaşlı hərbçi Teylor Adam Li həbs edilib
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
“Təqsirləndirilən şəxs milli müdafiəyə aid olan, bizim ölkənin əsas döyüş tankı olan M1A2 “Abrams”ın funksiyaları barədə həssas məlumatı Rusiyaya ötürməyə cəhd edib”, - deyə baş prokurorun milli təhlükəsizlik üzrə köməkçisi Con Ayzenberq bildirib.
Məlum olub ki, məxfi məlumatlara çıxışı olan Li 2025-ci ilin iyun ayında M1A2 “Abrams” tankı ilə bağlı məlumatları onlayn rejimdə ötürüb və Rusiyaya köməyini təklif edib. Məhkəmə sənədlərində deyilir ki, orada (Rusiyada – red.) olduqdan sonra “hətta bu mərhələdə Rusiya Federasiyasına kömək etmək üçün könüllü də ola biləcəyini” söyləyib.
Li iyul ayında Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşüb və tank haqqında məlumatların olduğu yaddaş kartını ona ötürüb. Görüş zamanı o, tankın hansısa daxili komponentinin ötürülməsi imkanlarını da müzakirə edib. İyulun sonlarında Li həmin detalı Texasdakı anbara çatdırıb və həmsöhbətinə “Tapşırıq yerinə yetirildi” mesajını göndərib.
Federal Təhqiqatlar Bürosunun əks-kəşfiyyat şöbəsinin müdir müavini Roman Rojavskinin sözlərinə görə, istintaq nəticəsində məlum olub ki, Teylor Li Rusiya vətəndaşlığı müqabilində “Rusiya kəşfiyyatının əməkdaşı olduğuna inandığı şəxsə” məxfi məlumatları ötürməyə cəhd edib.
Xatirə SADİQ