Məhkəmə fələstinli fəalı ABŞ-dən deportasiya etmədi
Nyu Yorkdakı federal hakim fələstinli fəal Mahmud Xəlilin ABŞ-dən deportasiya edilməməsinə qərar verib.
SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.
Prezident Donald Tramp bazar ertəsi xəbərdarlıq edib ki, Kolumbiya Universitetində tələbə düşərgəsi hərəkatına rəhbərlik edən fələstinli fəal Mahmud Xəlilin həbsi və mümkün deportasiyası “çoxlar”dan ilki olacaq.
“Biz bilirik ki, Kolumbiya Universitetində və ölkədəki digər universitetlərdə hələ də terrorçuluq, antisemitizm və anti-Amerika fəaliyyətlərində iştirak edən tələbələr var. Biz bu terror tərəfdarlarını tapıb, saxlayıb və ölkədən deportasiya edəcəyik – onlar heç vaxt geri qayıtmayacaqlar”, - deyə Tramp sosial mediada yazıb.
ABŞ-də daimi yaşayış icazəsi alan “yaşıl kart” sahibi Mahmud Xəlil dekabr ayına qədər Kolumbiya Universitetində aspirant olub. O, şənbə günü Nyu-Yorkda federal immiqrasiya agentləri tərəfindən həbs edilib və Luizianadakı immiqrasiya təcridxanasına aparılıb.
Lakin bazar ertəsi Nyu-Yorkda federal hakim Xəlilin deportasiya edilməməsinə qərar verib. O, bunu məhkəmənin Xəlilin vəkillərinin iddiasına baxması ilə izah edib. Dinləmə çərşənbə gününə təyin edilib.
Suriyada fələstinli ailədə doğulan Mahmud Xəlil 2022-ci ildə Kolumbiya Universitetində oxumaq üçün ABŞ-yə gəlib. Daha sonra o, ABŞ vətəndaşı ilə evlənib. Onun arvadı hazırda hamiləliyinin səkkizinci ayındadır.
Xatirə SADİQ