Kimsən sən? - Müəllif bilmək istəyir

Oxucu məqalə müəllifini tanıyır. Şəxsən əlini şıxmırsa da, onun haqqında təxmini təsəvvürü var. Çünki mövqeyi, düşüncəsi, bilik dairəsi, dünyagörüşü, faktiki savadı ilə yazılardan tanışdır. 

Mar 11, 2025 - 14:11
Kimsən sən? - Müəllif bilmək istəyir

Təəssüf, bu münasibət qarşılıqlı deyil, daha çox bir istiqamətdə yol hərəkətini xatırladır. Halbuki, öz orta statistik oxucusunun kimliyi müəllif üçün mövzunun, fikirlərini ifadə üsullarının seçimində çox əhəmiyyətlidir. Kimin üçün yazmaq, nə yazmaq, necə yazmaq? Sabiranə desək, axı “hələ bildiklərimin beşdə birini yazmamışam.

Azərbaycanda deyil, ümümiyyətlə ən yaxşı jurnalist saydığım şəxs demişdi ki, çıxış etdiyi qəzetin tirajı kifayət qədər yüksək olmalıdır. Əks halda, məqalələr boş otaqda oxunan mühazirədir. Həm də, yazarkən, oxucunu təsəvvürünə gətirməlisən. Sanki ikilikdə söhbət edirsən. Heç olmasa təxminən... Hərdən köşkün yanında durub dərc olunduğu qəzeti kimlərin aldıqlarını izləyirdi: qoca, cavan, kişi, qadın, ziyalı, fəhlə, tələbə... Bu fənd əsl(!) qəzetlərin hələ olduğu – çıxdığı və alındığı – dövrdə qaldı. İndi əlində smartfon tutmuş hər adama yanaşıb, onun nəyə baxdığını, bəlkə məhz sənin məqaləni oxuduğunu izləmək mümkün deyil.

Oxucunun kim olduğunu bilməyin praktiki əhəmiyyəti var. Onun boyunu, yaşını, cinsini deyil, əqli səviyyəsini və maraq dairəsini, qavrama qabiliyyətini bilmək nədən və necə yazmaqda kömək edər.

Azərbaycan jurnalistlərinin peşə tənəzzülünün, başlıca olmasa da, səbəblərindən biri oxucu geriliyidir.

Kim isə düşünür – yazır. Başqası oxuyur – düşünmür.

Kim isə qorxmur – yazır. Digəri oxuyur – qorxuya düşür.

Yalnız əsassız(!) ümüd etmək ona qalır ki, oxucun ikinci şəxs – düşüncəsiz və qorxaq – deyil.

Düşünən insan yazmaq üçün bilmək istəyir ki, Oxucu daha nə oxuyur; Hansı televiziya kanallarına, verilişlərinə baxır; Xəbərlərə münasibəti necədir; Necə filmləri sevir; Hansı aparıcıları və televizor simalarını ekranda görən kimi kanalı dəyişir; Zarafatı qanırmı; İdmanı sevirmi, onun hansı növləri ilə maraqlanır, hansı komandalara pərəstiş edir; IQ əmsalı neçədir...

Deyilənə görə, günlərin bir günü Eynşteyn Rezerfordun laboratoriyasına baş çəkərək, işlərin vəziyyətini dostcasına xəbər alır. Rezerford gileylənir ki, özünə assistent tapa bilmir. Hətta test tərtib edib, amma sınaqdan uğurla keçmək heç kəsə müyəssər olmur. Eynşteyn maraqlanır, suallar yazılmış vərəqi əlinə götürüb oxuyur: 

– Nyu-Yorkdan Filadelfiyaya yol neçə mildir?
– Yerdən Aya ən yaxın məsafə nə qədərdir?
– Sulfat turşusu hansı reaksiyanın məhsuludur?
– İtlərin döl dövrü neçə müddətdir?
– “Azercell”in nə qədər abonent tarifi var?..

Eynşteyn testin hər bəndini oxuduqca, dillənir: “Bu, coğrafiya üzrə məlumat kitabçasında yazılıb. Bunun cavabı isə biologiya kitabında var” və sair bu minvalla. Dahi alim demək istəyirdi ki, assistentin beynini məlumat və sorğu kitabçalarında olan faktlarla yükləmək yaramaz. Onun düşüncəsi klişe və ştamplardan ötrü deyil, axtarış, yaradıcılıq üçün açıq və azad olmalıdır.

Jurnalist düşünüb yazırsa, oxucu da oxuyub düşünməlidir.

(Öz aramızda qalsın, sonuncu sualı Albert müəllim də cavablandıra bilməmişdi...).

A.ƏZİZ