"Psixiatriya klinikasının hesabatları..." - İsa Arasın anası istintaqa NƏ DEYİB?

Kahramanmaraşda məktəbdə silahlı insident törədən VIII sinif şagirdi İsa Aras Mersinlinin anası Pınar Peyman Mersinlinin istintaqa verdiyi ifadəsi açıqlanıb.

Apr 24, 2026 - 23:40
"Psixiatriya klinikasının hesabatları..." - İsa Arasın anası istintaqa NƏ DEYİB?

SAVASHMEDİA.az xəbər verir ki, P.P.Mersinli oğlunun durumu ilə bağlı məktəbin müəllimlərinin və psixoloqların tövsiyələrinə qulaq asmadığını rədd edib.

O bildirib ki, oğlunun vəziyyəti ilə hər zaman maraqlanıb:

“Ana olmaqla yanaşı, mən həm də təhsil işçisiyəm, müəlliməm. Buna görə də ananın övladına necə davranmalı olduğunu biləcək qədər təhsilli, bilikli və bacarıqlıyam. Oğlumun səhiyyə müəssisələrində aldığı müalicə prosesi ilə bağlı psixiatriya klinikası tərəfindən tərtib edilən hesabatlar doğrudur. Bu da bizim ona qarşı nə dərəcədə məsuliyyətli olduğumuzun sübutudur. Lakin müalicədən imtina etdiyimiz, tibbi dəstəyə ehtiyacı olduğu halda bu tövsiyələri nəzərə almadığımız iddialarını qəbul etmirəm”.

Qeyd edəki ki, istintaq fayllarında Ayser Çalık adına məktəbin psixoloq-pedaqoqu Ejder.İ-nin İsa Arasın anası P.P.Mersinli ilə dəfələrlə əlaqə yaratmağa çalışdığı bildirilib. Müəllimin məqsədi İsa Arasın gündən-günə pisləşən psixoloji durumu, məktəbdəki davranışları, özünə davamlı xəsarət yetirməsi ilə bağlı ailəni məlumatlandırmaq və bu vəziyyətdən birgə çıxış yolunu axtarmaq olub. Lakin ana bu barədə danışmağı hər dəfə rədd edib. Yalnız bir dəfə telefona cavab verib. Onda da oğlunun həddindən artıq zəkalı olduğu üçün məktəbdəkilərlə uyğunlaşa bilmədiyini deyərək, zəngi sonlandırıb.

P.P.Mersinli insident törədildikdən sonra saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Lakin bir neçə gün öncə yenidən saxlanılıb. Məhkəməyə çıxarılan P.P. Mersinli “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə həbs edilib.

Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə qətliam törədib. Nəticədə, 8-i şagird, biri müəllim olmaqla 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli də saxlanılıb.

Banu