Ərdoğan azyaşlı Mutlucanın şeirinə kövrəldi - Həmin günü xatırladı + VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü, Türkiyə Böyük Millət Məclisinin açılışının 106-cı ildönümü münasibətilə uşaqlarla görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, R.T.Ərdoğan milli təhsil naziri Yusuf Tekin və uşaqları Prezident Kompleksində qəbul edib.
Görüşə damğa vuran isə “Bayrak” şeirini söyləməklə Türkiyədə gündəm olan 3 yaşındakı Gülsunun böyük qardaşı Mutlucan İşılın və Ərdoğanın ağlaması olub.
M.İşılı Ərdoğanla görüşdürən milli təhsil naziri Yusuf Tekin onu balaca Gülsunun uğurunun arxasındakı gizli qəhrəman kimi təqdim edib. Bu zaman böyük monitorda Gülsunun “Bayrak” şeirini əzbərdən dediyi video göstərilib. M.İşıl ekranda bacısını görən kimi göz yaşlarına qərq olub. Uşağın bu halı Ərdoğanı da kövrəldib. Türkiyə prezidenti onu qucaqlayaraq təsəlli edib.
Daha sonra Mutlucan İşıl “Minareler Süngü” şeirini söyləyib. Ərdoğan bu dəfə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Kırklarelinin “Sergen” ibtidai məktəbində şagirdlərdən Türkiyənin İstiqlal Himninin qəbul edilməsi və Mehmet Akif Ərsoyun anım mərasimi şərəfinə "Bayraq" şeirini əzbərləmələri istənilib.
Məktəbin III sinif şagirdi M.İşıl şeiri əzbərləyərkən 3 yaşlı bacısı Gülsu İşıl da şeirin bir hissəsini yadında saxlayıb. Mərasimdə Gülsu da şeirin yadında qalan hissəsini əzbərdən deyib. Həmin görüntülər internetdə paylaşılıb və 2,5 milyon baxış toplayıb.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğana 1999-cu ildə Ziya Gökalpin yazdığı "Minareler süngü” şeirini oxuduğu üçün “xalqı sinif, irq, din, məzhəb, bölgə ayrı-seçkiliyi salaraq kin ve düşmənçiliyə təhrik etmek" ittihamı ilə 10 ay həbs cəzası verilib. Ərdoğan 4 ay həbsdə yatdıqdan sonra azad edilib.
Banu