Amerikalı senator Rusiyanı hədələdi
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem mümkün atəşkəsdən sonra Ukraynanı yenidən işğal edəcəyi təqdirdə təcavüzkar ölkə Rusiyanı məhv etməyə kömək edəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, senator bu barədə Fox News-un efirində danışıb.
Onun sözlərinə görə, Vaşinqton ABŞ prezidenti Donald Trampın nəinki müharibəni bitirəcəyinə, həm də ona həmişəlik son qoyacağına əmin olmaq istəyir.
“Prezident Trampa verəcəyim məsləhət belə olardı: keçmiş ABŞ prezidentləri Co Bayden və Barak Obamanın elədiklərini etməyin. Putinə açıq şəkildə bildirin: Siz burada Rusiyanı alçaltmaq üçün deyilsiniz, müharibəni bitirmək üçün buradasınız. Ərazi mübadilələri olacaq. Ukrayna hər bir rus əsgərini ölkədən qova bilməyəcək, Rusiya isə Kiyevi tutmağa hazırlaşmır. Bu müharibəni ləyaqət və ədalətlə bitirməyin vaxtı gəlib çatıb”, - deyə senator vurğulayıb.
O, əlavə edib ki, avropalılar Ukraynanın təhlükəsizliyini təmin etməlidirlər, çünki əgər Putin yenidən təcavüz edərsə, o, təkcə Ukrayna ilə deyil, “istəklilərin koalisiyası” ilə döyüşəcək.
“Və mən kömək edə bilərəm: üçüncü işğal təqdirində Rusiyanı məhv edəcək önləyici sanksiyalar yaradacağam. Bütün bunlar birlikdə üçüncü işğalın qarşısını alacaq, müharibəni şərəfli və ədalətli şəkildə bitirəcək və Çin bunu izləyir. Planetdə Putinlə masaya oturacaq Trampdan daha yaxşı adamı düşünə bilmirəm. Onun prezident Putinlə münasibəti var və bu, yaxşıdır”, - deyə Qrem söyləyib.
Onun fikrincə, Putinin Alyaskada danışıqlar aparmasının səbəbi Trampın Ukraynaya kömək etmək üçün Avropaya silah satacağını bəyan etməsidir, çünki bu, Putini narahat edib.
“Prezident Tramp Rusiya neftini aldığı üçün Hindistana 50 faizlik rüsum tətbiq edib. O, Rusiyanın döyüş maşınına dəstək verən Rusiya neftinin ikinci ən böyük alıcısı Hindistanı 50 faizlik tariflə vurub. Buna görə də Putin Alyaskaya gedir. Sülh güc vasitəsilə”, - deyə amerikalı siyasətçi əmin edib.
Xatirə SADİQ