Annalena Berbok Qəzza atəşkəsini alqışladı – “Rahatlıq…”

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzzada atəşkəsi alqışlayıb və girovların, o cümlədən alman vətəndaşlarının əsirlikdən geri qaytarılmasına ümid etdiyini bildirib.

Jan 16, 2025 - 11:15
Annalena Berbok Qəzza atəşkəsini alqışladı – “Rahatlıq…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir. 

Alman naziri İsrail və “HƏMAS” arasında atəşkəsin elan edildiyi günü “rahatlıq” adlandırıb.

“Hər tərəfdən iztirabların artıq sona çata biləcəyinə dair rahatlıq. İsrail və “HƏMAS” arasında girovların azad edilməsi və atəşkəs razılaşması təkcə insanların həyatını xilas etmir, həm də Qəzza sakinlərinə, girovlara, onların ailələrinə və bölgədəki hər kəsə 15 aydan sonra hiss olunacaq ümid verir”, - deyə Berbok vurğulayıb. 

Baerbok diqqətə çatdırıb ki, onun fikirləri xüsusilə 467 gün “HƏMAS”ın əlindən inanılmaz əzablara tab gətirən Almaniya vətəndaşlarındadır: “Mən səmimi şəkildə  ümid edirəm ki, onlar tezliklə öz ailələrinə dönə biləcəklər”. 

Almaniya XİN rəhbəri bildirib ki, girovlar tezliklə və razılaşmaya uyğun olaraq azad edilməlidir: “Qoşunların çıxarılması və fələstinlilərin öz evlərinə qayıtması da belə həyata keçirilməlidir”.

Onun sözlərinə görə, Almaniya bundan sonra da yerlərdə BMT təşkilatlarına hərtərəfli dəstək verməyə davam etməyə hazırdır.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuitsa da alqışlayıb. 

Xatirə SADİQ