"Arvadımı mühafizəçi ilə öpüşəndə tutdum, dedi sənin yox, onunam" - Cinayət işi

Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Elşad qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Xəyaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Oct 25, 2024 - 14:54
Oct 25, 2024 - 15:00
"Arvadımı mühafizəçi ilə öpüşəndə tutdum, dedi sənin yox, onunam" - Cinayət işi

SAVASHMEDİA.az teleqraf.com-a istinadla xəbər verir ki, Elşad rəsmi nikahda olan arvadı Xəyalənin ona xəyanət etdiyini öyrənub.

Bundan sonra Xəyalə əri ilə ailədaxili münaqişələr səbəbindən şiddət görən qadınlar üçün nəzərdə tutulmuş sığınacağa yerləşib.

Elşad 2022-ci il mayın 13-də arvadının sığınacağa yerləşməsindən xəbər tutub. Saat 19 radələrində sığınacağın qarşısına gəlib. Giriş qapısının bağlı, içəri girməyin qadağan olmasına baxmayaraq, hasardan tullanıb və binaya daxil olub. Arvadının mətbəx otağında uşaq əşyasını yuduğunu görüb və həmin otağa keçib.

Orada mətbəx bıçağını götürüb, arvadını otaqdan çıxarıb və binanın kənarına aparıb. O, arvadına 16 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 158.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma) maddələri ilə ittiham elan edilib.

“Arvadımı mühafizəçi ilə öpüşən vəziyyətdə gördüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2010-cu ildə Xəyalə ilə tanış olub, bir-birini sevib, rəsmi evləniblər: “Bizim 3 uşağımız dünyaya gəldi. Evləndikdən sonra Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşamağa başladıq. Valideynlərim də bizimlə birlikdə qalırdılar. Anam 2017-ci ildə öz əcəli ilə dünyasını dəyişdi, atam isə hazırda həmin evdə yaşayır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Xəyalə ilə evli olduqları dövrdə aralarında ailədaxili münaqişələr olub:

“Xəyalə sərbəst yaşamaq istədiyini deyirdi və bir neçə dəfə Bərdə rayonuna, atasının evinə də getdi. Hirsim soyuduqdan sonra gedib onu yenidən evə gətirirmişəm.

Təxminən 5 ay əvvəl Xəyalə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından xəstəxanada əməliyyat olundu. Əməliyyatdan əvvəl Xəyalə artıq bir həftə idi ki, xəstəxanada qalırdı. Zəif olduğundan həkim ilk olaraq müalicə almağı, sonra əməliyyat olunmağını tövsiyə etdi.

Əməliyyatdan əvvəl xəstəxanada olarkən, ərzaq alıb Xəyalənin yanına getdim. Palataya daxil olanda xəstəxananın mühafizəçisi Fərhadla onu öpüşən vəziyyətdə gördüm. Fərhad dərhal palatadan qaçdı. Xəyalə isə səhv hərəkət etdiyini dedi, uşaqlara görə onu bağışlamağımı istədi. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində izahatımız da alındı.

Sonra Xəyalə əməliyyat olundu və evimizə getdik. Uşaqların xətrinə arvadımı bağışladım və ona mobil telefon işlətməyi qadağan etdim. Lakin aramızda mübahisələr olduğundan Xəyalə yenə Bərdəyə atası evində getdi. Təxminən bir həftə sonra Xəyalə əlaqə ilə saxladım, uşaqları görmək istədiyimi dedim.

Xəyalə ona mobil telefon alsam, mənimlə barışacağını bildirdi. Mən də ona mobil telefon alıb, Bərdəyə getdim və Xəyaləni evə gətirdim. Təxminən 3 ay keçdi, sakitçilik oldu”.

“Cinsi əlaqədə olduqlarını dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xəyalənin telefonunu götürərək yoxlayanda onun başqa nömrədə “Whatsapp” proqramından istifadə etdiyini görüb: “Oraya girəndə Xəyalənin bir oğlanla yazışdığını, həmin oğlana çılpaq şəkildə çox sayda şəkil, videolar atdığını gördüm.

Xəyalə əvvəlcə hər şeyi inkar etdi. Sonra uşaqların xətrinə onu bağışlamağımı istədi. Həmin oğlanın adını dəqiq xatırlamıram. Lakin Xəyalə mənimlə evlənməmişdən əvvəl o oğlanla sevgili olduqlarını, bir-birini istədiklərini, lakin ailəsinin razı olmadığını, həmin oğlan ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olduqlarını dedi.

Mən artıq dözmədim və Xəyaləni öldürmək istədim. Lakin qohumlarım məni sakitləşdirdi və boşanmağın ən yaxşı yol olduğunu dedilər. Mən də razılaşdım”.

“O oğlanla yaşayacağını dedi”

Elşad qeyd edib ki, Xəyalənin ailə üzvləri ilə əlaqə saxlayıb, videonu, şəkilləri onlara da göndərib: “Qohumları onu qəbul etmədiklərini dedilər. Mən Xəyalədən telefonunu alaraq satdım. Bir gün sonra isə o, evdən qaçaraq polis şöbəsinə getdi və məndən şikayət etdi. Guya Xəyaləni döydüyümü, təcavüz etdiyimi söylədi, sığınacaq istədiyini bildirdi. Onu sığınacağa yerləşdirdilər. Sonra uşaqları da oraya apardılar.

Xəyalənin şikayəti əsasında məni Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət edərək izahatımı aldılar. Mən orada Xəyalənin dediklərinin yalan olduğunu bildirdim. Məqsədinin məni tutduraraq sərbəst həyat yaşamaq istəməsi olduğunu dedi.

Hadisədən bir gün əvvəl sığınacağa gedərək Xəyaləyə şikayətini geri götürməsini, boşanaraq hər kəsin öz həyatını yaşayacağını söylədim. Xəyalə məndən boşanacağını, lakin atasının evinə getməyəcəyini, mənimlə heç bir əlaqə saxlamaq istəmədiyini, onsuz da hər şeyin üzə çıxdığını, həmin oğlanla yaşayacağını dedi. Sığınacaqdan çıxdıqdan sonra Xəyalənin valideynləri ilə əlaqə saxladım və Bakıya gəlmələrini xahiş etdim”.

“Razı salmağa çalışdım”

Elşadın sözlərinə görə, Xəyalənin valideynləri Bakıya gəldikdən sonra birlikdə sığınacağa gediblər: “Yenə söhbət zamanı Xəyalə heç kimlə razılaşmadı. Ailəsinə də qulaq asmadı və hamıdan imtina etdiyini bildirdi.

Biz sığınacaqdan çıxıb getdikdən bir neçə saat sonra, saat 19 radələrində təkrar sığınacağa qayıtdım. Yenə Xəyalə ilə danışaraq bəlkə onu razılığa gətirə biləcəyimi düşündüm. Lakin o mənimlə danışmağa çıxmadı. Məcbur qalıb hasardan sığınacağın həyətinə tullandım.

İlk olaraq sığınacağın mətbəxinə baxdım və Xəyaləni orada gördüm. Yanında sığınacağa nəzarət edən qadın vardı. Ona kənara çəkilməyi məsləhət gördüm. Xəyaləni isə mətbəxdən həyətin kənarına çıxartdım. Mətbəxdən çıxarkən oradan bıçağı götürdüm. Yenə Xəyaləni razı salmağa çalışdım. Amma o məni günahkar çıxarmağa başladı.

Mən də dözməyib bıçaqla Xəyalənin bədəninin müxtəlif yerlərinə çox sayda xəsarətlər yetirməyə başladım. Zərbələrdən Xəyalə yerə yıxıldı, ona təpik atdım. Səs-küyə digər qadınlar da yığışdılar. Mən bıçağı kənara atıb hasardan küçəyə tullandım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Sonra da təslim olmaq üçün 3-cü Polis Bölməsinə getdim”.

“Əməlimdən peşmanam”

Elşad qeyd edib ki, Xəyaləni bıçaqla xəsarətlər yetirərkən niyyəti onu öldürmək olub: “Buna səbəb Xəyalənin mənə xəyanət etməsi, haqqımda yalandan şikayət etməsi və bundan çox qəzəblənməyim olub.

Xəyaləyə bıçaqla xəsarət yetirməzdən əvvəl onunla normal danışmağa, yola gətirməyə çalışdım. Lakin mənə qulaq asmadı. Öz həyatını yaşayacağını və məni istəmədiyini bildirdi. Yalnız sənəddə mənim arvadım olduğunu, əslində özünü Valehin arvadı saydığını dedi. Mən də bıçaqla onu qətlə yetirdim.

Cinayət hadisəsi zamanı orada Xəyalə və məndən başqa heç kim yox idi. Xəyaləyə neçə bıçaq zərbəsi vurduğumu dəqiq xatırlamamışam. Ancaq onun bədəninin müxtəlif nahiyələrinə sığınacağın mətbəxindən götürdüyüm bıçaqla çoxlu sayda zərbələr vurdum.

Hadisə vaxtı mən heç bir xəsarət almamışam. Əynimdə olan paltarlar Xəyaləyə xəsarət yetirərkən onun qanına bulaşıb. Psixi xəstəliyim olmayıb. Bununla bağlı heç bir yerdə qeydiyyatda olmamışam. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişəm. Əməlimdən peşmanam”.

“Zorla cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, qətl hadisəsindən əvvəlki günlərdə, axşam saatlarında əsəbiləşərək Xəyalənin bud və baldır nahiyələrinə təpiklə zərbələr vurub. Onun sözlərinə görə, daha sonra gecə saat 2 radələrində yataq otağında tək olub:

“Xəyalə və uşaqlar isə digər otaqda qalıblar. Həmin vaxt Xəyalə yanıma gələrək, yaxınlıq etməyi təklif etdi. Mən əvvəlcə razılıq vermədim. Ondan iyrəndiyimi desəm də, hisslərimə qapılaraq könüllü şəkildə onunla cinsi əlaqədə olmağa başladım.

Qoruyucu vasitədən istifadə etmədim və cinsi ehtirasımı təmin etdim. Xəyaləni zorlamamışam, qeyri-təbii yolla cinsi əlaqədə isə ümumiyyətlə olmamışıq. Xəyalənin məqsədi məni sakitləşdirib, bir gün sonra qaçaraq məndən yalan şikayət ərizəsi yazmaq olub”.

“Nəyin üstündə dalaşdıqlarını soruşdum”

İş üzrə zərərçəkmiş Xəyalənin hüquqi varisi qismində ifadə verən atası Camalın sözlərinə görə, Elşad onlara qohumdur, yəni onun dayısı oğludur: “Xəyalə əvvəl onunla evliliyə etiraz etsə də, sonradan razılıq verdi və onlar evləndilər. Ailə qurduqdan sonra Binə qəsəbəsində yaşamağa başladılar.

Mən Xəyalənin ailəsində çox ciddi problemlərin olmadığını, arada bir mübahisə etdiklərini eşitdim. Son dövrlərdə onların münasibətləri lap kəskinləşdi. Hətta bir-iki dəfə qızım küsərək Bərdə rayonuna evimə gəldi. Ondan nəyin üstündə dalaşdıqlarını soruşdum, ailə-məişət zəminində problemlər səbəbindən dalaşdıqlarını dedi. Bir müddət sonra Elşad gəlib Xəyaləni evə apardı.

Təxminən qətl hadisəsindən 5 ay əvvəl Xəyalə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından əməliyyat olundu. Əməliyyatdan əvvəl bir həftə xəstəxanada qaldı və zəif olduğundan həkim müalicə almağı, sonra isə əməliyyat olunmağı tövsiyə etdi.

Əməliyyatdan əvvəl xəstəxanada olarkən Elşad ərzaq alaraq Xəyalənin yanına gedib. Palataya daxil olanda Xəyalənin xəstəxanada mühafizəçi işləyən şəxs ilə birlikdə görüb. Bunun üstündə onların arasında mübahisə düşüb”.

“Gizli münasibət saxlayıblar”

Camalın sözlərinə görə, daha sonra Elşad onlara zəng vuraraq Xəyalənin başqa şəxslə yazışdığını, ona çılpaq şəkillərini, videolarını atdığını deyib, şəkilləri onların da telefonuna göndərib:

“Xəyalənin yazışdığı Valeh adlı şəxs mənim baldızımın qaynı Əlinin oğludur. Elşadla evlənməmişdən əvvəl Xəyalənin Valehlə münasibəti olub.

O vaxt Valeh qardaşımın toyunda sağdış olub, toyda Xəyaləni görüb, onların münasibəti yaranıb. Sonra Valehin ailəsi bizə elçi gəlmək istədi.

Lakin qardaşımın sağdışı olmasına qan qohumluğu kimi baxıldığına görə buna etiraz etdim. Həm də Valehin özündən bir insan kimi xoşum gəlmirdi. Xəyalənin istəyi olsa da, mən elçi gəlməsinə razılıq vermədim.

Elşad ilə evləndikdən sonra Xəyalə ilə Valeh hələ də bir-birini istəyib, gizli münasibət saxlayıblar. Lakin onların münasibətlərinin nə qədər müddət davam etdiyini bilməmişəm”.

“Razılıq vermədilər”

İş üzrə şahid qismində ifadə verən Valehin sözlərinə görə, mərhum Xəyaləni 10 ildən çox tanıyıb:

“Xəyalənin əmisi Sabirlə dostluq münasibətində olmuşam, onun Bərdə rayonunda toyu olarkən Bərdəyə getmişəm. Bəyin sağdışı olmuşam. Xəyalə isə həmin vaxt gəlinin yanında durmuşdu. Mən də Xəyaləni ilk dəfə onda gördüm.

Biz bir-birimizi bəyəndiyimiz üçün nömrələrimizi götürdük, telefon vasitəsi ilə əlaqə saxlamağa başladıq. Bir neçə aydan sonra Xəyalənin atası Camalın evinə elçi göndərdim. Lakin onlar razılıq vermədilər. Daha sonra Xəyalənin Elşad adlı şəxslə evləndirildiyini eşitdim. Ondan sonra Xəyalə ilə heç bir əlaqəm olmadı”.

“Otelə gedirdik”

Valehin ifadəsinə görə, 2020-ci ilin oktyabr-noyabr aylarında ona “İnstagram” platformasında bir xanım yazıb və nömrəsini istəyib: “Nömrəmi verdikdə mənə zəng gəldi. Cavab verəndə Xəyalə olduğunu bildim. Bir müddət telefonda danışdıq. O, həyatından narazı olduğunu, Elşadla ailəsinin təkidi ilə evləndiyini və mənimlə münasibət saxlamaq istədiyini söylədi. Mən əvvəlcə buna qarşı çıxdım. Lakin özümdə də Xəyaləyə qarşı istək olduğundan onunla əlaqə saxlamağa başladım. Mütəmadi olaraq telefon vasitəsi ilə danışdıq.

Həmçinin görüşərək bir yerdə vaxt keçirdik, cinsi əlaqədə olduq. Əsasən otelə gedirdik. Binə qəsəbəsində də tez-tez gorüşürdük. Bizim münasibətlərimizdən heç kimin xəbəri olmayıb.

Danışan zaman Xəyalə tez-tez ailə vəziyyətindən narazılıq edirdi. Elşad istəmədiyini, ondan boşanacağını deyirdi. Lakin ailəsi Xəyalənin boşanmağına qarşı idi.

Mənim Xəyalə ilə ciddi münasibət qurmaq fikrim olmayıb və yaxınlarda nişanlanacağım barədə onun özünə də demişəm. Xəyalə də mənimlə yalnız subay vaxtı münasibət saxlayacağını, mən ailə qurduqdan sonra isə əlaqələri kəsəcəyini söylədi.

Mən Beyləqan rayonunda yaşayıram, Bakıya işlə əlaqədar gələrkən Xəyalə ilə görüşürdüm. Qalan vaxtlar telefon vasitəsi ilə əlaqə saxlayırdıq. “Whatsapp” platformasında yazışan zaman Xəyalədən çılpaq şəkil və videolar istəmişəm. O da çılpaq şəkillərini mənə göndərib. Sonuncu dəfə Xəyalə ilə nə vaxt görüşdüyümü xatırlamıram”.

“Arvadı ilə münasibətlərimdən xəbərdar olduğunu yazdı”

Valeh qeyd edib ki, sonuncu dəfə Xəyalə ilə telefon vasitəsilə əlaqə saxlayıb: “Mənə çılpaq və alt paltarında şəkillər göndərdi. Həmin gün Xəyalənin əri Elşad bizim yazışmağımızı bildi. Mənə başqa nömrədən mesajlar gəldi. Yazan şəxsin Elşad olduğunu bildim. O məni söyərək arvadı ilə münasibətlərimdən xəbərdar olduğunu yazdı. Onda Beyləqan rayonundaydım.

Bir gün sonra Xəyalənin rayonda yaşayan qohumlarından onun evdən qaçaraq Elşad barəsində polisə şikayət ərizəsi yazdığını, sığınacağa yerləşdirildiyini eşitdim. Artıq Xəyalə ilə heç bir əlaqəm yox idi.

Sonradan Xəyalənin qohumlarından onun Elşad tərəfindən sığınacaqda qətlə yetirildiyini eşitmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşad 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.