AŞPA prezidenti Tiflisə sərt xəbərdarlıq etdi – “Öhdəliyiniz var”
“Gürcüstanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması onlar üçün vəziyyəti daha da pisləşdirib”.

SAVASHMEDİA.az xəbər verir ki, bunu AŞPA prezidenti Teodoros Russopulos qurumun qış sessiyasının başa çatması ərəfəsində jurnalistlərə bildirib.
Teodoros Russopulos hesab edir ki, Gürcüstan hakimiyyətinin Assambleyanın irəli sürdüyü tələblərə cavab olaraq AŞPA ilə əməkdaşlığı dayandırmaq qərarı görünməmiş haldır və təşkilatın prinsiplərini pozur.
“Asambleya Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib, ona görə də onlar AŞPA-da işləməlidirlər. Bu, Avropa Şurasının üzv-dövlətinin hüququ deyil, öhdəliyidir”, - deyə president nəzərə çatdırıb.
Prezident qeyd edib ki, Strasburq artıq mümkün nəticələrlə bağlı Tbilisiyə xəbərdarlıq edib: “Biz Gürcüstan nümayəndə heyətinə bununla bağlı siqnallar göndərmişik. Hələlik biz onlara bir neçə həftə vaxt veririk (mövqelərini dəyişmək üçün). Amma dəyişiklik olmasa, aprelə kimi qərarı təklif edəcəyəm”.
Assambleya sədri işarə edib ki, qərar təkcə AŞPA-nın yeni sanksiyaları ilə məhdudlaşmaya bilər, həm də təşkilatın digər strukturlarını da cəlb edə bilər. “Mən Nazirlər Komitəsinin (buna cavab olaraq) nə edəcəyini vəd edə bilmərəm, lakin Nizamnamə orqanların – AŞPA, CM və baş katibin mövqeyinin oxşar olmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyəm”, - deyə Rusopulos əmin edib.
Teodoros Russopulos rəsmi Tiflisin AŞPA-ya üzvlük prinsiplərinə sadiqliyinə də şübhə etdiyini bildirib.
“Gürcüstan hesab edirmi ki, onun öhdəlikləri var? Xüsusilə də baş nazir Kobaxidze Avropaya inteqrasiyanın dayandırıldığını bəyan edəndən və indi “AŞPA Gürcüstana lazım deyil” söyləyəndən sonra?”, - deyə prezident ritorik sual səsləndirib.
Xatirə SADİQ