Avropa Maskdan can qurtarmağın yollarını axtarır
Almaniyanın vitse-kansleri Robert Habek Avropa İttifaqını (Aİ) İlon Mask kimi texnoloji oliqarxların asılılığından uzaqlaşmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Amerikalı milyarderin təsirini Avropa dəyərlərinə birbaşa təhlükə adlandıran vitse-kanslerin fikrincə, Mask kimi insanlar öz hərəkətləri ilə demokratiyaya zərbə vururlar.
“Dünyanın ən qüdrətli adamı – ABŞ prezidenti (Donald Tramp) və dünyanın ən varlı adamı İlon Mask hakimiyyət sərhədlərini məhv etmək üçün birləşiblər”, - deyə Habek amerikalı milyarderin Tramp administrasiyasındakı mühüm rolunu xatırladıb.
Almaniya vitse-kansleri Mask və Amerikanın digər texnologiya nəhənglərini “söz azadlığı” haqqında riyakar baxışı təşviq etməkdə günahlandırıb. O, həmin nəhənglərin biznes modellərini və alqoritmlərini “dövlət sirləri” kimi ciddi şəkildə qoruduğuna diqqəti cəlb edib.
“Onlar tənzimlənməlidir. Lazım gələrsə, elə tənzimlənməlidirlər ki, dəyərlərimizə uyğun gəlsinlər”, - deyə Habek əlavə edib.
Vitse-kansler hesab edir ki, Avropanın tənzimlənməsi bu məsələnin öhdəsindən gəlmir: “Niyə bizim öz alman və ya Avropa kommunikasiya platformamız yoxdur? Demokratiyamızın formalaşdırılmasına gəldikdə, biz Çin alqoritmlərindən və ya İlon Maskın ifrat sağçı fantaziyalarından asılı ola bilmərik”.
O, Avropanı təkcə sosial mediada deyil, texnoloji liderliyin qitəni tərk etdiyi bütün sektorlarda öz rəqəmsal məkanına nəzarəti geri almağa çağırıb.
Xatirə SADİQ