Avropa Məhkəməsi Ukraynaya haqq qazandırdı 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Borzıx Ukraynaya qarşı” işi üzrə Ukraynada ictimai yerlərdə “Georgi lent”inin taxılmasına qoyulan qadağanı qüvvədə saxlayıb.

Dec 12, 2024 - 16:14
Avropa Məhkəməsi Ukraynaya haqq qazandırdı 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə AİHM-in qərarında deyilir. 

Qeyd edək ki, 2016-cı ildən etibarən Ukraynada “Georgi lenti”nin ictimai yerlərdə taxılması qadağan olunub. 

Keçmiş hərbçi olan iddiaçı Yuri Borzıx 2017-ci il noyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, bu qadağanın ayrı-seçkilik xarakteri daşımasından şikayətlənib. 

“Məhkəmə Rusiya ilə davam edən silahlı münaqişə şəraitində Georgi lentinin dəyişən mənasını qeyd etdi və xüsusən belə nəticəyə gəldi ki, Ukraynanın qadağası ifadə azadlığını məhdudlaşdırsa da, bu, dövlətin təqdir hüdudu daxilindədir”, - deyə AİHM qərarında bildirilib. 

Məhkəmə onu da nəzərə çatdırıb ki, Borzıx qadağanın ona ruhi əzab və ya narahatlığa səbəb olduğunu və ya başqa şəkildə ona əhəmiyyətli təsir göstərdiyini sübut edə bilməyib. Odur ki, onun şikayəti əsassız sayılaraq rədd edilib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Estoniya, Litva bu ölkənin təcavüz rəmzlərinin, o cümlədən Georgi lentinin, “Z” hərfinin ictimai yerlərdə nümayişini qadağan edib. 

Xatirə SADİQ