Rusiyanın mühacirətdəki müxalifəti Berlində etiraza çıxacaq
Rusiyalı müxalifətçilər İlya Yaşin, Yuliya Navalnaya və Vladimir Kara-Murza gələn il martın 1-də Berlində və dünyanın digər şəhərlərində müharibə, istibdad və siyasi qətllər əleyhinə yürüş təşkil etmək niyyətindədirlər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məlumata görə, yürüşün əsas şüarı “Putin, öldürmək yetər!” olacaq. Artıq müxalifətçilər aksiyanın hazırlığında iştirak etmək çağırışı ilə demokratik və anti-müharibə yönümlü rusiyalılara müraciət ediblər.
Mühacirətdə yaşayan üç xadimin bəyanatında bildirilib ki, 2025-ci ilin fevralında rusiyalıları üç faciəli tarixin ildönümü gözləyir. Söhbət müxalifət lideri Boris Nemtsovun qətlinin onuncu ildönümündən, digər müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünün birinci ildönümündən gedir, eləcə də Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından üç il keçir.
“Bütün bu hadisələrin arxasında Vladimir Putinin fiquru dayanır", - müraciətdə deyilir.
Yaşin, Kara-Murza və Navalnaya Berlindəki yürüşə qatılmaq niyyətindədirlər.
Qeyd edək ki, onlar bundan öncə mühacir müxalifətin etiraz yürüşünü noyabrın 17-də Berlində təşkil etmişdilər.
Xatirə SADİQ