Zelenski 2 milyard dollarlıq əlavə paketə görə təşəkkür etdi
Ukrayna 9 yanvar tarixli “Ramştayn” formatında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun görüşü zamanı 2 milyard dollar dəyərində əlavə dəstək paketləri haqqında razılıq əldə edib.
SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada jurnalistlərə bildirib.
“Bütün tərəfdaşlara, bütün müdafiə nazirlərinə təşəkkür etmək istəyirəm - bu, 50 ölkə üstəgəldir. Bu gün (dünən – red.) çox yaxşı görüş və çox yaxşı nəticə oldu. Ukraynaya dəstək üçün 2 milyard dollar dəyərində əlavə paket, üstəlik, səkkiz imkanlar koalisiyası, bu çox mühümdür. Bu, artıq kağız üzərindədir, 34 ölkə artıq bu strateji koalisiyaları dəstəkləyir”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri onu da qeyd edib ki, görüş zamanı “Ramştayn” formatının uzadılıb-uzadılmayacağı məsələsi qaldırılmayıb: “Çünki hamı başa düşür ki, növbəti görüş fevraldadır, artıq hamı bununla bağlı razılığa gəlib. Bizim üçün belə çox sayda ölkələrin görüşdüyü bu meydan vacibdir. Onun öz işini davam etdirməsi mühümdür”.
“Ramştayn”ın mühüm nəticələri arasında Zelenski hava hücumundan müdafiə sistemlərinin əlavə zəmanətli tədarükünə diqqəti cəlb edib: “Bizdə təsdiq, dəstək var. Açığını desəm, bütün 19 sistem deyil, lakin tərəfdaşlarımızın zəmanət verdikləri kifayət qədər ciddi kəmiyyətdə sistem var. Sistemlərin daha sürətli gəlməsini təmin etmək üzərində çalışacağıq”.
Qeyd edək ki, dünən Pentaqonun rəhbəri Lloyd Ostin həmin toplantıda elan edib ki, ölkəsi Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım paketi ayırıb.
Xatirə SADİQ