SƏYAHƏT - Anlatma
Bil: səyyah peşəsi yoxdur.
Daimi səyyah dərvişlər olublar: ölkəbəölkə gəzir, dilənir, oğruluq edirdilər. Bir də, hazırda rus sərgərdanı qoca Konyuxov. Mənasız ekstremal səyahətlər edir. Ona dövlət himayədarlıq göstərir, Konyuxov isə Putinə, rus faşizminə mənəvi dəstək verir.
Bununla belə, hər kəs əlinə imkan və fürsət düşən kimi, harayasa yollanır, səyahət etmək arzusunu ən azı ürəyində yaşadır.
Bektaş şəhərində xoşagəlməz, amma ibrətamiz hadisə baş vermişdi. Moskvadan, Mərkəzi elmi filmlər kino studiyasından ("Центрнаучфильм") kiçik yaradıcı qrup Qaraboğazqol körfəzinin başına gətirilmiş müsibət barədə sənədli film çəkirdi. Üç nəfər çöllərdə bərkimiş qoca idi: operator, rejissor və ssenari müəllifi - Konstantin Paustovskinin oğlu. Atasının ad-sanına minib gəlmişdi. Mənim isə heç 30 yaşım yox idi. Qoca qırğılar vodkalanıb cavan "göyərçin"in ətini dimdikləmək istədilər. "Biz də səyyahıq, - dedilər. - Kamçatkayadək SSRİ-nin bütün ərazisində, Arktikada olmuşuq, Meksikaya, Afrikaya, Avstraliyaya gedib çıxmışıq...". Onların azğın söhbəti, özlərini fenomenal şəxs kimi qələmə vermək cəhdi xoşuma gəlmədi. Yaşca böyüklərə cavab qaytardım:
- Təyyarəyə minib yollanmaq heç də səyahət deyil. Ezamiyyətə getmisiniz. Sizə tapşırıq verib pul ödəyiblər. İndi də işinizə həm Moskvada, həm Türkmənistanda göz qoyulur. Mənim üçün isə marşrut müəyyən olunmayıb. Ərzaq təminatı yoxdur. Quryevdə mağazada yerlilərə talonla kərə yağı, kolbasa satılırdı. 50 qram servelad istədim - vermədilər. Ailəmin, balalarımın hesabına öz bir neçə illik məzuniyyətlərim vaxtı qeyri-adi səyahətə çıxmışam, Azərinform informasiya verməkdən boyun qaçırıb. Əsl blokadadayam. Siz isə öz şərəfinizə qəhrəmanlıq nəğməsi oxuyursunuz. İndi burada oturub vodka içirsiniz, əsl səyyahın isə buna haqqı yoxdur. Dincəlin, səhər arxanızca maşın gələcək".
Hiss etdim ki, onlarla rəhmsiz davrandım. Ayılandan sonra bəlkə özləri də anladılar.
1980-ci ildə bir gürcünün Moskva Olimpiadasına piyada getdiyi barədə xəbər yayılmışdı. Amma o, nədənsə, uzun marşrut seçmiş, birbaşa Abxaziyadan keçmək əvəzinə yolunu Azərbaycandan, Dağıstandan salmışdı.
Gürcünü Lujniki stadionunda, Olimpiya futbol turnirinin final oyunundan sonra gördüm. Ucaboy, yekəqarın idi. İnsanlar onu əhatəyə alıb dindirmək, avtoqraf istəyirdilər. O isə təngnəfəs idi. Sanki meydanda indicə top qovan o olub.
5 ildən sonra özüm səfərə hazırlaşarkən naxçıvanlı tanışım dedi ki, yaxşı qazana bilərəm. Maraqlandım. Söylədi. Rayon partiya komitəsində işləyirdi. Naxçıvan Vilayət komitəsindən zəng vurdular ki, Gürcüstandan səyyah gəlir, ona "hörmət" etmək lazımdır. Rayon mərkəzinin önündə xudmani izdiham yaradıldı. Adamlara çatmasına 200 metr qalmış "Jiquli" avtomobili dayandı. İçərisindən 2 nəfər çıxdı. Yaxınlaşdılar. Raykom işçiləri səyyahı salamlayıb, o dövrdə böyük defisit olan xalça bağışladılar. "Jiquli" gəldi, hədiyyə maşına qoyuldu, gürcülər də minib, irəli yollandılar.
Naxçıvanlı "raykom" bu əhvalatı danışdıqda anladım, niyə qoca yolunu Azərbaycandan, Dağıstandan salmışdı. Xalça toplayırdı. Öz səyahətim zamanı daha bir şeyi başa düşdüm: səyyahın qarnı piyli ola bilməz!
Səyahətləri gözdən salan burnuna yolların tozlu tər iyi dəyməmiş qondarma jurnalistlərin saxta səyyahlar haqqında yazdıqları məqalələrdir. 1995-ci ilin avqustunda "Гюнай" qəzetində gəncəli cavan barədə çıxmış məqaləni kəsib arxivimdə saxlamışdım. Hazırkı yazımla əlaqədar onu götürüb oxudum. Sən demə oxumağı yox, iyrənməyi 30 il təxirə salmışdım. Müəllif Əlişir adlı birisini elə təqdim edir, tərifləyir ki, deyirsən təcili Nobel mükafatı və göydən azı bir ulduz qoparıb ona vermək lazımdır. Əslində isə yazılanın hamısı uydurma, cəfəngiyat və rus demişkən, "фуфло"dur!
Səyahət insana nə verir? Heç nə. Yalnız təqdim edir. Sonra isə hərə ondan öz qabiliyyətinə görə götürür. Bir şey şəksiz, şübhəsizdir: heç kəs səyahətdən qayıtdıqda daha əvvəlki kimi olmur.
A.ƏZİZ