"Ya rus dili dərslikləri almalıyıq, ya da Yeni Zellandiyaya köçməliyik" - NATO-nun baş katibi
“NATO müttəfiqlərinin 4 – 5 il ərzində təhlükəsiz şəraitdə olmasını təmin etmək üçün 2%-lik müdafiə xərcləri yetərli deyil”.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamenti komitəsinin toplantısında NATO baş katibi Mark Rutte deyib.
NATO-nun baş katibi diqqətə çatdırıb ki, Avropadakı təhlükəsizlik vəziyyətindən çox narahatdır: “Biz müharibə vəziyyətində deyilik, lakin sülh şəraitində də deyilik”.
Rutte qeyd edib ki, öz əhalisini və onların həyat tərzini qorumaq üçün müttəfiqlər təcili olaraq müdafiə və müdafiə istehsalına, eləcə də proseslərin səmərəliliyinə daha çox sərmayə qoymalı, cəmiyyətlərinin və kritik infrastrukturun dayanıqlığını artırmalıdır.
O, bildirib ki, əksər ölkələrin 2024-cü ildə müdafiə xərclərinin 2% hədəfinə çatdırmalarını alqışlayır, lakin bu, artıq kifayət etmir.
“Bundan sonrakı illərdə təhlükəsizlikdə olmağımız üçün müttəfiqlərimiz 2%-dən daha çox xərcləməli olacaqlar. Müdafiəyə daha çox xərcləmək – digər prioritetlərə daha az xərcləmək deməkdir. Amma gələcəyimiz bundan çox asılı ola bilər. Artıq 2% kifayət etmir. Biz indi təhlükəsizlikdəyik, amma 4-5 ildən sonra təhlükəsizlikdə olmayacağıq. Əgər biz bunu etməsək, ya rus dili dərsliklərini əldə etməliyik, ya da Yeni Zelandiyaya çıxıb getməliyik”, - deyə NATO-nun baş katibi yarızarafat vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp NATO üzv ölkələrinin ÜDM-in 5%-ni müdafiəyə xərcləməsini zəruri hesab etdiyini bildirmişdi.
Xatirə SADİQ