İsveçrə rəsmən “Hərbi Şengen” proqramına dəvət olundu - Üstünlüyü nədir?
Avropa İttifaqı (Aİ) yanvarın 13-də İsveçrənin “Hərbi Şengen” proqramına dəvətini rəsmən təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə bəyanat Aİ Şurasının saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, bu qərar Miderlanda layihə koordinatoru kimi 2024-cü ilin sentyabrında təqdim etdiyi müraciətə cavab olaraq İsveçrəni PESCO Daimi Strukturlaşdırılmış Əməkdaşlıq layihəsinə qoşulmağa rəsmi dəvət etməyə imkan verir.
İnzibati saziş başa çatdıqdan sonra İsveçrə layihənin rəsmi iştirakçısına çevriləcək.
Qeyd edilib ki, bu PESCO layihəsi transsərhəd hərbi daşınmalarda milli prosedurların sadələşdirilməsi və standartlaşdırılması məqsədi daşıyır. O, qoşunların və texnikanın Aİ daxilində avtomobil, dəmir yolu, dəniz və ya hava ilə sürətli hərəkətini mümkün edir.
Hələ 2023-cü ilin yazında məlum olmuşdu ki, Ukraynada genişmiqyaslı müharibə fonunda İsveçrə kibermüdafiə və hərbi mobillik üzrə Aİ-nin iki hərbi layihəsinə qoşulma imkanlarını araşdırır.
Xatırladaq ki, 2021-ci ildə Kanada, Norveç və Amerika Birləşmiş Ştatları, 2022-ci ildə isə Böyük Britaniya bu layihəyə qoşulmağa dəvət olunub.
2023-cü ildə NATO üzv ölkələrə xəbərdarlıq etmişdi ki, həddindən artıq bürokratik süründürməçilik Avropa daxilində qoşunların sürətli daşınmasına mane olur. Rusiya ilə silahlı münaqişə baş verdiyi təqdirdə isə bu, ciddi problem yarada bilər.
Xatirə SADİQ